Tovuzda tütünçülüyün inkişafı diqqətdə saxlanılır
Tovuz rayonunun kənd təsərrüfatında tütünçülüyün inkişaf etdirilməsi geniş təşviq olunur, əkin sahələri genişləndirilir. Son illərdə tütünçülüyün inkişafına yaradılmış şərait sahibkarların bu sahəyə marağını xeyli artırıb.
Cari mövsümdə Tovuz rayonunun təsərrüfatlarında 130 hektar sahədə tütün əkini nəzərdə tutulur ki, bu da ötən ildəkindən 80 hektar çoxdur. Hazırda istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesi davam edir. Bu günə kimi müasir texnikalardan istifadə etməklə 24 hektar sahəyə “Virciniya” sortlu tütün şitilləri əkilib. İlkin olaraq mövsümü işlərə 60 nəfərdən artıq işçi cəlb olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tütün əkini sahələrində olmuş və əkinçilərlə görüşmüşdür. Görülən işlərlə tanış olan icra başçısı fermerlərlə söhbət zamanı Tovuz rayonu üçün ənənəvi olan tütünçülüyün inkişafının potensial imkanlarından, bu sahənin inkişafına göstərilən dövlət dəstəyindən, tütünçülükdə innovativ üsulların tətbiqinin səmərəliliyindən söz açmışdır.
Fermerlər tütünçülüyün inkişafına göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə etmişlər.