Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz
Tarix sübut etmişdir ki, xalq öz milli ruhunu, mənəvi dəyərlərini, əxlaqi keyfiyyətlərini qoruyub yaşadanda, inkişaf etdirib gələcək nəsillərə çatdıranda böyük və qüdrətli olur.
Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı da hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Milli-mənəvi dəyərlərdən danışarkən xüsusi vurğu ilə qeyd olunmalıdır ki, bizim misilsiz mənəvi irsimiz olan Heydər Əliyev şəxsiyyəti bu anlayışla ayrılmaz sürətdə bağlıdır.
Milli dəyərlərimizin qorunması və inkişafı yaxın keçmişimizdə məhz ulu öndərimizin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında uğurlu yeniliklər, dəyişik¬liklər başlanmışdır. Rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış edən ulu öndər Heydər Əliyev 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu almasına nail olmuşdur.
Ümummilli liderimizin siyasi fəaliyyətinin 1969-1982-ci illərini öyrəndikcə görürük ki, ulu öndər dilimizə, tariximizə, mədəniyyətimizə, musiqimizə, ədəbiyyatımıza məhz dövlətçilik mənafeləri baxımından yanaşmışdır. Onun məqsəd və məramı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirməklə, xalqın milli dirçəlişi, milli şüurunun oyanışı ilə müstəqil dövlətimizi yaratmaq olmuşdur. 1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə seçilməsi o zaman “Kremlə sancılan əzəmətli türk bayrağı” kimi dəyərləndirilirdi. Ulu öndər həmin vəzifədə də milli maraqlara xidmət etməyi böyük məharətlə bacardı.
Ulu öndərimiz sovet dövründə olduğu kimi, Azərbaycanın müstəqilliyi illərində də milli dəyərlərimizə sahib çıxmışdır.
O, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yüksək formasını milli dövlətçilikdə görürdü. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir. Dövlətçiliklə milliliyin birləşməsi bütün xalqların ən böyük arzusu və idealı olmuşdur. Bu gün biz müstəqil dövlətimizdə milli birlik dövrümüzü yaşayırıq ki, bunun da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Milli birliyimizin gücü Vətən müharibəsində tarixi Zərəfimizin qazanılmasında özünü göstərdi.
Milli dəyərlərin müasir dövrdə inkişafını ümumbəşəri dəyərlərdən təcrid olunmuş vəziyyətdə təsəvvür etmək qeyri-mümkündür. Ümummilli liderin fikrincə, milli dəyərlər milliliyini özündə saxlayaraq məzmununu ümumbəşəri dəyərlərlə zənginləşdirməli, ümumdünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnib inkişaf etməlidir.
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Ulu öndərimiz milli dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edir, dil, adət-ənənə və milli mentalitetin rolunu xüsusi qiymətləndirirdi.
Görkəmli dövlət xadimi deyirdi ki, milli dövlət bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən də milli dəyərlərin qorunmasının və müstəqil inkişafının təmin olunması məqsədi daşıyır.
Ümummilli lider milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın–dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.
Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Ümummilli liderimizin siyasi varisi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli dəyərlərə dövlət səviyyəsində çox böyük diqqət və qayğı göstərir. Hər bir məsələdə ulu öndərin ideyalarını meyar kimi görən ölkə başçısının milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir.
Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Prezident İlham Əliyevin milli ideologiyaya dair baxışları onun siyasi por¬tretinin əsas cizgilərini təcəssüm etdirir. Heydər Əliyev Fondunun milli dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətindəki geniş fəaliyyətini də xalqımız böyük minnətdarlıqla qarşılayır.
Ulu öndərimizin milli dəyərlərin yaşadılması istiqamətindəki siyasi fəaliyyəti hər zaman aktualdır və bu siyasət Azərbaycan dövlətçiliyinin ən ümdə vəzifələrindən biridir.