Tovuzda 15 may “Beynəlxalq Ailə Günü” ərəfəsində onlayn tədbir keçirilmişdir
BMT-nin Baş Assambleyasının müvafiq qətnaməsinə uyğun olaraq 1994-cü ildən “Beynəlxalq Ailə Günü” qeyd olunur. “Beynəlxalq Ailə Günü”nün qeyd edilməsində əsas məqsəd dövlət ailə siyasətinin təşviqi, milli-mənvəi dəyərlərin təbliği, ailə dəyərlərinin gələcək nəsillərə aşılanmasıdır. 15 may “Beynəlxalq Ailə Günü” ərəfəsində Tovuz rayonunda uşaq və yeniyetmələrin, gənclərin iştirakı ilə ailə dəyərlərinin qorunub saxlanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, valideyin uşaq münasibətlərinin tənzimlənməsi və digər mövzuları əhatə etməklə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Bu sırada Tovuz rayon Təhsil şöbəsində “Erkən nikah, qan qohumları arasında nikah və onun fəsadları” mövzusunda video formatda görüş keçirilib. Tədbirdə Respublika təhsil Şurasının, rayon təhsil şöbəsinin nümayəndələri, məktəb direktorları, müəllimlər və fəal şagirdlər iştirak ediblər.
Onlayn tədbirdə Respublika təhsil Şurasının sədri Samir Mehdizadə, rayon təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü, həmçinin Respublika təhsil Şurasının və rayon təhsil şöbəsinin məsul əməkdaşları çıxış edərək ailənin cəmiyyətdəki rolu, milli mənəvi dəyərlərimiz, erkən nikahın gələcəkdə yaradacağı fəsadlar haqqında danışmış, gənc nəslin təlim və tərbiyəsinin təşkili ilə bağlı belə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmişlər.
Çıxışlarda ailə dəyərlərinin qorunması, gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyə olunması, ailə institutlarının daha da möhkəmləndirilməsi istiqamətində tədbirlərin əhəmiyyəti, ümumtəhsil məktəblərində məktəb rəhbərliyinin və psixoloqların fəaliyyətinin bu istiqamətdə qurulmasının zəruriliyi müzakirə edilib. Azərbaycanda ailə dəyərlərinin möhkəmləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasətindən razılıq ifadə olunub.
Sonda ailə dəyərləi ilə bağlı video çarxlar nümayiş etdirilib.
15 may “Beynəlxalq Ailə Günü” münasibətilə Tovuz şəhər sakinlərinə “Qan qohumları arasında nikah və onun fəsadları” adlı bukletlər paylanıb.