Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika qəzeti: Müasirləşən kəndlərimiz

03 may 2021 | 16:00

Dövlət başçısı İlham Əliyevin imzaladığı qərar və sərəncamlara uyğun paytaxt Bakı şəhəri ilə yanaşı, respublikanın hər yerində tərəqqi və inkişaf təmin olunmuşdur. Tovuz rayonunun Əyyublu kəndində gördüklərimiz və eşitdiklərimiz bunun əyani sübutudur.

Əyyublu kəndi qədim tarixə malik yaşayış məskənlərindən biridir. Kənd ərazisində olan tarixi abidələr bunu bir daha sübut edir. Kəndin bələdiyyə sədri İlham Dəmirovdan aldığımız məlumata görə, kəndin qazanlar adlanan sahəsində 1903-1904-cü illərə aid olan qüllə və əlavə 3 ədəd qədim tikinti çar Rusiyası tərəfindən inşa olunmuşdur. Xocahan qəbiristanlığında vaxtilə 20-yə yaxın qəbirüstü at və qoç abidələri olmuşdur. Bu abidələrin bir qismi sovet hakimiyyəti dövründə Gəncə şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyinə aparılmışdır.

Qədim dövrlərə aid olan bir neçə tarixi abidə isə YUNESKO-ya aparılmışdır. Hazırda abidələrdən ikisi Əyyublu qəbiristanlığındadır. Kəndin 12370 nəfər sakini var. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Əyyubluda 4 tam orta məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 və 2 saylı uşaq bağçaları fəaliyyət göstərir. Kənddə 3 şadlıq sarayı xalqa xidmət edir.

Kənd ərazisində müasir standartlara cavab verən 5 supermarket, bir neçə tikinti mağazası və digər mağazalar var. 3 ədəd yanacaqdoldurma məntəqəsi əhaliyə xidmət göstərir. Bundan başqa, kənd təsərrüfatı məhsullarının itkisiz saxlanılması üçün kənddə 2 ədəd (1-nin tutumu 1000 ton, digərininki isə 700 ton olan) soyuducu kamera var ki, bu da fermerlərin işini xeyli asanlaşdırır.

Əyyubluda müasir standartlara cavab verən şərab emalı zavodunda müxtəlif növ şərab məhsulları istehsal edilir. Kənddaxili yolların 20 kilometri asfaltlanmışdır. Əyyublunun 11 nəfər sakini Qarabağ müharibəsində və 2020-ci ilin iyun ayında Tovuz hadisələri zamanı şəhidlik zirvəsinə ucalmışlar. Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq kənddə 4 şəhid bulaq-kompleksi tikilmiş, ətrafında gözəl park salınmışdır.

Əyyubluda aqrar sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Hər il kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nailiyyətlər əldə olunur.

2021-ci ilin məhsulu üçün 585 hektar buğda, 200 hektar arpa, 1200 hektardan artıq sahədə kartof, 1 hektar tərəvəz məhsulları əkilmişdir. Eyni zamanda 450 hektar çoxillik bitki olan yonca, 24 hektar üzüm bağı, 72 hektar meyvə bağı mövcuddur.

Əyyubluda 4 böyük istilikxanada müxtəlif tərəvəz məhsulları yetişdirilərək daxili bazarda bolluq yaratmaqla yanaşı, xarici ölkələrə də rəqabətə davamlı məhsul ixrac olunur.

Əkin sahələrinin suvarma suyuna olan tələbatı əsasən Zəyəm çayından, “Ağstafaçay” və “Tovuzçay” su anbarlarından götürülən su hesabına və kənddə işlək vəziyyətdə olan 109 ədəd subartezian quyusu vasitəsilə ödənilir. Əyyubluda heyvandarlığın inkişafı da yüksək təşəkkül tapmışdır. Hazırda kənddə 1909 baş iribuynuzlu, 14517 baş xırdabuynuzlu və digər ev heyvanları qeydiyyata alınmışdır.

Göründüyü kimi, Əyyublu kəndi inkişaf etmiş müasir yaşayış məntəqələrindən biridir.

Vəli VƏLİYEV,

“Respublika”.

Keçidlər