Xalq qəzeti: Tovuzlular nümunə göstərdilər
Talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı qanvermə aksiyalarından çox asılıdır. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanmış, müvafiq qanunlar qüvvəyə minmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci il fevralın 8-dən başlanmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində ölkədə vaxt-aşırı qanvermə aksiyaları keçirilir. Bu xeyirxah tədbirlər zamanı toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.
Bu günlərdə Tovuzda RİH-in təşkilatçılığı və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsü ilə könüllü qanvermə aksiyası təşkil edilmişdir.İdarə, müəssisə və təşkilatların əməkdaşları, rayon sakinləri bu aksiyada fəal iştirak edərək ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək olmuşlar. Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov da donor kimi aksiyada iştirak etmişdir.
Qanvermə aksiyası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət etməklə xüsusi tibb briqadası tərəfindən aparılmışdır.
Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri