Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin açılış mərasi keçirilib

30 aprel 2021 | 16:00

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Tovuz şəhərində yerləşən Heydər Əliyev mərkəzində fəaliyyətə başlayıb.

Xüsusi karantin rejimi qaydalarına riayət etməklə keçirilən açılış mərasimində Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Rəvanə Həşimova və rayon gəncləri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Tovuz şəhərindəki Heydər Əliyev adına meydanda Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.

Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edənlər açılış münasibətilə rayon gənclərini təbrik ediblər. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, ölkəmizdə gənclər üçün yaradılan imkanlardan danışıblar. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun tarixi Qələbəsinin sevinclərini yaşayırıq. Cənab Ali Baş Komandanın dəfələrlə qeyd etdiyi kimi bu tarixi Zəfəri bizə yaşadan məhz Azərbaycan gəncləri oldu.

“Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 oktyabr tarixli 1454 nömrəli Sərəncamı ilə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Azərbaycan Respublikasının Gənclər Fondunun tabeliyində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılmışdır. Bu nümayəndəliklərdə istedadlı, ali təhsilli gənclər təmsil olunurlar. Nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq gənclərin hərtərəfli inkişafının təmin olunması, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir.

Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəlik vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Daha sonra Tovuz nümayəndəliyi üçün ayrılmış otaqları gənclərə təqdim olunub.

Keçidlər