Tovuz Rayon İcra Hakimiyyətində cari ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilib
Şura iclasında rayon icra hakimiyyəti başçısı Tofiq Zeynalov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, ilin birinci rübündə ölkəmizin hər yerində olduğu kimi, Tovuzda da bir sıra uğurlu nəticələr əldə edilib. Fərəhli haldır ki, Prezident İlham Əliyev fevral ayının 16-da Tovuz rayonuna səfəri zamanı görülən işlərin bir qismi ilə yerində tanış olub, Tovuzçay su anbarının, Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun, Tovuz şəhərində 7 saylı körpələr evi-uşaq bağçasının, Qovlar şəhərində gənclər evinin açılışında iştirak edib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə rayon üzrə makroiqtisadi göstəricilər sabit olub. Kənd təsərrüfatında məsul buraxılışı 2,7 faiz, nəqliyyatda 4 faiz, rabitədə 2,3 faiz, ticarətə 1,9 faiz artıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmində 9,2 faiz, pərakəndə əmtəə dövriyyəsində 6,4 faiz, yük daşınmasında 3,9 faiz artım əldə olunub.
Əhalinin məşğulluğunun təmin olunması və maddi rifah halının yüksəldilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində 654 nəfər rayon sakini işlə təmin edilib. Kiçik və orta sahibkarlığın inkişafı istiqamətində də mühüm addımlar atılır. Hesabat dövründə 528 yeni təsərrüfat subyektləri yaradılıb ki, onların 195-i kənd təsərrüfatı sahələri üzrə fəaliyyət göstərir. Rayonda 500 başlıq heyvandarlıq kompleksinin yaradılması üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət olunub və hazırda layihələndirmə işləri aparılır. Kompleksdə 100 daimi iş yerinin açılması nəzərdə tutulur. 150 hektar sahədə iri kartofçuluq təsərrüfatları yaradılıb. Bu təsərrüfatlarda 180 nəfər mövsümi işlə təmin olunacaq.
Rayon üçün ənənəvi olan tütün və barama məhsullarının becərilməsinə başlanılıb. Dağ və dağətəyi kəndlərdə tütünçülüyün inkişaf etdirilməsi ilə əlaqədar ailə fermer təsərrüfatlarında torpaq sahələri ayrılıb və bu il 20 hektar sahədə tutun əkiləcək. Tütün əkiləcək sahələrdə şum başa çatdırılıb və artıq 7 hektara şitil basdırılıb. Eyni zamanda, cari ildə 2 ton barama istehsalı da proqnozlaşdırılır.
Görüləcək işlərdən danışan icra hakimiyyətinin başçısı qeyd edib ki, rayonda sənaye parkının təşkili və orada plastik qablar istehsalı zavodunun yaradılması ilə bağlı hüquqi sənədlər hazırlanır. Müəssisənin bu il istifadəyə verilməsi gözlənilir. Sənaye parkı layihəsi çərçivəsində investorların cəlb olunması yolu ilə təbii seolit məhsullarının emalı müəssisəsi yaradılacaq.
Rayonda üzümçülüyün inkişaf etdirilməsi və üzüm emalı müəssisələrinin yaradılması da gündəmdədir. Hazırda rayon ərazisində mövcud olan 647 hektar üzüm sahəsinin genişləndirilərək cari ildə 1000 hektara, 2018-ci ildə isə 3000 hektara çatdırılması planlaşdırılır. Üzümün təzə-tər şəkildə ixrac olunması, eyni zamanda, emal müəssisələri yaratmaqla “Ağdam” və “Qarabağ” markalı şərablar istehsal edərək Rusiya bazarlarına çıxarılması istiqamətində iş adamları ilə danışıqlar aparılır. Bu gün rayonun iqtisadiyyatını möhkəmləndirməyin ən səmərəli yolu məhz üzümçülüyün inkişafı ilə bağlıdır.