İcra başçısı Düz Cırdaxan və Cəlilli kəndlərində içməli su layihəsinin icrası ilə yerində tanış olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq yaşayış məntəqələrində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.
Bu istiqamətdə Tovuz rayonunun Düz Cırdaxan və Cəlilli kəndlərində 8 №-li Regional Sukanal İdarəsinin Təmir-tikinti və Quraşdırma sahəsi tərəfindən içməli su layihəsi həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov magistral kəmərin tikintisi ilə yerində tanış olub. Məlumat verilmişdir ki, Düz Cırdaxan və Cəlilli kəndlərinə içməli suyun Tovuz şəhərinin şəbəkəsindən verilməsi layihələndirilib. Bu məqsədlə Düz Cırdaxan kəndindən keçməklə Cəlilli kəndinə qədər 3,7 km uzunluğunda magistral kəmərin, eyni zamanda kəndlərdə 2 km paylayıcı su xətlərinin və əhalinin ümumi istifadəsi üçün 19 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Hazırda magistral kəmərin tikintisi davam etdirilir.
Tikintinin gedişi ilə tanış olan icra başçısı Məmməd Məmmədov inşaatçılarla görüşündə Düz Cırdaxan və Cəlilli kəndlərinin əhalisinin içməli su ilə təmin olunmasının önəmindən danışmış və layihənin icrasının sürətləndirilməsini, işlərin keyfiyyətlə başa çatdırılmasını tövsiyə etmişdir.