İcra başçısı Vətən müharibəsi qazisini ziyarət etdi
Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Tovuz rayonunda da diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Düz Cırdaxan kəndində qazi Musayev Vüsal Nağı oğlunun ailəsində olmuş və onunla görüşmüşdür. Səmimi söhbət zamanı qazi Vüsal Musayev Silahlı Qüvvələrin sıralarında keçdiyi döyüş yolundan, Ordumuzun döyüş qabiliyyətindən, vətənpərvərlik ruhundan, Ali Baş Komandana sonsuz inamdan danışmış, Vətən Müharibəsində sağlamlığını qismən itirmiş döyüşçülərə göstərilən dövlət qayğısından razılığını bildirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov uzun illərdir işğal altında olan torpaqlarımızın məhz igid əsgər və zabitlərimizin göstərdiyi şücaət nəticəsində azadlığa qovuşduğunu qeyd edərək, rəşadətli Azərbaycan Ordusunun şəxsi heyyətinin tərkibində Vətən Müharibəsində iştirak etdiyinə və hərbi qulluq vəzifələrini şərəflə yerinə yetirdiyinə və “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunduğuna görə qazi Vüsal Musayevə təşəkkürünü bildirmişdir.