Şəhid zabitin medalı ailəsinə təqdim olunub
Aprelin 20-də Tovuz Rayon İcra Hakimiyyətində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Rahib Nəriman oğlu Quliyevin Azərbaycan Respublikası Prezidenti adından Müdafiə Nazirliyinin əmri ilə layiq görüldüyü “Hərbi xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin ailə üzvlərinə təqdim edilib.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani və başqaları çıxış edərək işğalçı Ermənistan ordusu tərəfindən atəşkəsin daim pozulduğunu, Azərbaycan ordusunun mövqelərinin və sərhədyanı kəndlərin atəşə məruz qaldığını qeyd ediblər. Bildirilib ki, fevral ayının 10-da təmas xəttində ermənilərin atəşkəsi növbəti dəfə pozması nəticəsində milli ordumuzun baş leytenantı, əslən tovuzlu olan Rahib Quliyev həyatını itirib.
Diqqətə çatdırılıb ki, Rahib Quliyev 1990-cı il iyunun 13-də Tovuz rayonunun Bozalqanlı kəndində doğulub. 2005-ci ildə C. Naxçıvanski adına hərbi liseyə daxil olub. Burada təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub və 2013-cü ildə zabit kimi hərbi xidmətə yola düşüb.
Beyləqan rayonu ərazisindəki “N” saylı hərbi hissədə tağım komandiri olan baş leytenant Rahib Quliyev 2016-cı il fevralın 10-da təmas xəttində xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Tədbirdə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində qüdrətli ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyinə, Azərbaycanın dövlət bayrağının Xankəndində, Şuşada dalğalanacağına əminlik ifadə edilib.
Şəhid zabitimizin medalı onun ailə üzvlərinə təqdim olunub. Şəhidin anası oğlu ilə qürur duyduğunu bildirərək deyib: “Rahib indiyə qədər mənim oğlum idi, indi isə bütün Azərbaycan xalqının oğludur”.