Tovuz Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın videomüşavirə formatında iclası keçirilib
Tovuz rayonu ərazisində pandemiya ilə bağlı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədilə rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın videomüşavirə formatında iclası keçirilmişdir.
Videomüşavirədə RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etmişlər.
Videomüşavirəni rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq xüsusi karantin rejimi qaydalarına nəzarətin gücləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışmışdır.
Qeyd olunmuşdur ki, son günlər ölkə ərazisində, həm də Tovuz rayonunda COVİD-19 infeksiyasına yoluxmanın sayının artması müşahidə olunur. Bu hal infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin daha da ciddiləşdirilməsini zəruri edir. Ona görə də rayon ərazisində sanitariya qaydalarına ciddi əməl olunmalı, bu işə nəzarət gücləndirilməli, xüsusi karantin rejimi qaydaları tam məsuliyyətlə yerinə yetirilməlidir. Qəbul edilmiş qaydalara əməl olunmasına məsuliyyət daşıyan əsas orqanlardan biri də inzibati ərazi dairələri üzrə nümayəndələrdir. Onlar bu sahədə fəaliyyətini rayon polis şöbəsinin sahə müvəkkilləri ilə qarşılıqlı şəkildə qurulmalı, ehtiyac yarandıqda RİH başçısı aparatını məlumatlandırmalıdırlar.
Pandemiyaya qarşı aparılan mübarizə tədbirlərinin əsas istiqamətlərindən biri də əhalinin yaş qruplarına uyğun olaraq vaksinasiyasının təşkili məsələsidir. Hazırda peyvəndləmə işləri davam etdirilir. Bu sahədə də əhalinin maarifləndirilməsinə və vaxt itirmədən insanların peyvənd olunmasına çalışmaq lazımdır.
Videomüşavirədə yerlərdə xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə RİH başçısının birinci müavini Rəşad Zeynalov məlumat vermişdir.
Videomüşavirə dialoq şəkilində davam etdirilmişdir.
Videomüşavirədə RİH başçısının Qovlar şəhər, Aşağı Quşçu, Alakol və Qaraxanlı kənd İƏD üzrə nümayəndələri yerlərdə xüsusi karantin rejimi qaydalarının icrası vəziyyəti ilə bağlı məlumat vermiş, onlara ünvanlanan sualları cavablandırmışlar.
Videomüşavirəni RİH başçısı Məmməd Məmmədov yekunlaşdıraraq pandemiya qarşı mübarizə tədbirlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.