Şəhid Rüstəmov Amil Bədrəddin oğlunun yeni doğulmuş körpəsi xəstəxanadan evə buraxılıb
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, otuz il müddətində işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə Qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızdan biri də Rüstəmov Amil Bədrəddin oğludur.
Azərbaycan Ordusunun əsgəri olan Amil Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Rüstəmov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub.
Döyüşlər zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Amil Rüstəmov "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu gün Gəncə şəhərində dünyaya göz açan şəhidin ikinci qız övladı Rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələrinin müşayəti ilə xəstəxanadan evə yola salınıb.
Şəhidin həyat yoldaşını təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova tovuzluların vətənimizin azadlığı və ərazi bütövlüyünün təmin olunmasında şücaət göstərən bütün şəhidlərimizlə, o cümlədən bu gün övladı dünyaya göz açan Amil Rüstəmovla qürur duyduğunu, şəhidlərimizin xatirəsinin həmişə uca tutulduğunu, şəhid ailələrinin, xüsusilə şəhidlərin övladlarının dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə razılıqlarını ifadə ediblər.