Tovuzda “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək layihəsi” davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Sağlam Həyat Naminə” İctimai Birliyinin birgə əməkdaşlığı, bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə 2020-ci ildən başlayaraq Tovuz rayonunda “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək məqsədi ilə İcmada Ailəyə Dəstək Klubunun yaradılması” adlı layihə həyata keçirilir.
Layihə çərçivəsində ötən il Tovuz rayonunda 22 qadına biznes fəaliyyətinə başlaması və mövcud bizneslərin gücləndirilməsi üçün qeyri-pul şəklində maddi dəstək göstərilib, qadınlar biznes planına uyğun olaraq avadanlıqlarla təmin olunub.
2021-ci ildən başlayaraq layihənin həssas qrupdan (şəhid, qazi və müharibə iştirakçılarının ailələrindən) olan qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə davam etdirilməsi nəzərdə tutulmuşdur.
2021-ci ilin yanvar ayında məşğulluğuna dəstək göstərilməsi məqsədilə seçilmiş qadınlar üçün “Özünü təqdim etmə bacarıqları”, “Liderlik bacarıqlarının inkişaf etdirilməsi”, “Gender bərabərliyi və insan hüquqları”, “Erkən nikah və məişət zorakılığı” “Maliyyə savadlılığı”, “Ailə büdcəsinin idarə olunması”, “Biznesin təşkili və idarə olunması” mövzularında təlimlər keçirilib. Təlimlərdə 35 nəfər iştirak edib.
Bu gün həmin layihənin icrası çərçivəsində Tovuz rayonunda 21 qadın biznes planına uyğun olaraq avadanlıqlarla təmin olunub.
Əvvəzsiz olaraq maddi dəstək görən və lazımi avadanlıqlar alaraq ailə biznesini quran qadınlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva səmimi minnətdarlıqlarını bildiriblər.