Tovuz rayon İcra Hakimiyyətinin başçısı tütünçülüyün inkişafı ilə bağlı görülən işlərlə yerində tanış olub
Azərbaycan Respublikasının Prezidentinin 10 avqust 2017-ci ildə Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Tovuz rayonunda “Tovuz Aqro Sənaye” MMC-nin nəzdində yaradılmış tütün qurutma məntəqəsinin fəaliyyətə başlaması kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün genişləndirilməsinə səbəb olmuş və tütünçülük fermerlər üçün cəlbedici sahəyə çevrilmişdir.
Qeyd edək ki, keçən mövsüm rayonda 50 ha sahədə tütün əkilmişdir və 77,2 ton məhsul istehsal edilmişdir. İlk dəfə olaraq sahibkarlar istehsal olunan yaş tütünü rayon ərazisində fəaliyyətə başlayan və cəmi 10 kameradan ibarət olan tütün qurutma məntəqəsinə təhvil vermişlər. Yaş tütünün yerində təhvil verilməsi tütünçülüyün iqtisadi səmərəliliyinə birbaşa təsir göstərdiyinə görə bu il fermerlər 120 hektar sahədə tütün becərmək istəyindədirlər.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tütün şitilxanalarında və tütün qurutma məntəqəsində olaraq şitil plantasiyalarında becərmənin gedişi və tütün qurutma məntəqəsində növbəti qəbul mövsümünə hazırlıq işləri ilə yerində tanış olmuşdur.
Fermerlərlə iş başında görüşən Məmməd Məmmədov onlarla söhbət zamanı Tovuz rayonu üçün ənənəvi olan tütünçülüyün inkişafının potensial imkanlarından, bu sahənin inkişafına göstərilən dövlət dəstəyindən, tütünçülükdə innovativ üsulların tətbiqinin səmərəliliyindən söz açmış, rayonda tütün qurutma məntəqəsinin fəaliyyətə başlaması nəticəsində yaş tütün yarpağının qurudulmasında və realizasiya olunmasında problemlərin aradan qalxdığını bildirmişdir.
Tütün qurutma məntəqəsində növbəti mövsümə hazırlıq işləri ilə tanış olan rayon rəhbərinə məlumat verilmişdir ki, tütün qurutma məntəqəsində bu il əlavə 20 ədəd qurutmaxana quraşdırılıb istifadəyə veriləcəkdir. Məntəqə üçün yeni ofis binası, anbar, çeşidləmə sahələri, su hovuzu və digər qurğu və avadanlıqların quraşdırılması işləri davam etdirilir. Əkin sahələrindən təxminən 1500-1600 ton yaşıl tütün yarpağı tədarük edilməsi planlaşdırılır və 260-300 ton quru tütün istehsalı hədəfimizdir. Bu işlərin yerinə yetirilməsi üçün 60-70 daimi, 150-200 mövsümi işçi qüvvəsi cəlb olunacaqdır. Gələcəkdə bu işlərin daha sürətlə inkişaf etdirilməsi və tütün qurutma məntəqəsinin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur.
M.Məmmədov Tovuzda tütünçülüyün inkişafına yaradılan şərait bu sahənin iqtisadi səmərəliliyinin daha da artmasına və tütünçülüklə məşğul olan ailələrin rifah halının yaxşılaşdırmasına imkan verəcəyini qeyd etmiş, işlərində uğurlar arzulamışdır.