Aqroparklar aqrar sektorun müasir inkişafını təmin edir
Müasir dünyada ərzaq təhlükəsizliyinin təmin olunması üçün müxtəlif üsullardan istifadə olunur. Azərbaycanda son illərdə bu istiqamətdə bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş və bu işlər məqsədyönlü formada davam etdirilir. Respublika Prezidenti İlham Əliyevin apardığı düşünülmüş siyasət nəticəsində ölkəmizdə dayanaqlı iqtisadiyyatın təmin olunması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz bəhrəsini verir. Hazırda respublikada kənd təsərrüfatı məhsullarının idxalı minimuma endirilmişdir. Hər il minlərlə ton rəqabətə davamlı, ixracyönümlü kənd təsərrüfatı və başqa məhsullar müxtəlif xarici ölkələrə maneəsiz ixrac olunur. Nəticədə respublikaya valyuta axınına zəmin yaranır. Bütün sahələrdə olduğu kimi, aqrar sahənin də innovativ metodlarla idarə olunması üçün müxtəlif profilli aqroparklar yaradılmışdır.
Aqrar sahənin yüksək təşəkkül tapdığı Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində yaradılmış müasir standartlara cavab verən «Tovuz Aqro» MMC bu tip nümunəvi müəssisələrdən biridir. Adı çəkilən müəssisə daxili bazarları müxtəlif ət məhsulları ilə təmin etməklə yanaşı, yaxın vaxtlarda bir sıra xarici ölkələrə də ət ixrac etməyi planlaşdırır. Müəssisənin yaradılması eyni zamanda bölgədə məşğulluğun təmin olunmasına da töhfə verir.
Müəssisənin ərazisində və yol kənarlarında yüzlərlə meyvə ağacları, gül kolları və müxtəlif dekorativ ağaclar əkilmiş, xüsusi aqrotexniki qulluq göstərilir. Hər tərəf yaşıl örpəyə bürünmüşdür. Ərazi ilk baxışdan istirahət parkını xatırladır. «Tovuz Aqro» MMC-nin direktoru Şadkamal Hüseynovla müəssisənin hazırkı durumu ilə bağlı həmsöhbət olduq. Şadkamal Hüseynov bildirdi ki, müəssisə əsasən ətlik cinsdən olan məhsuldar, «Şarole», «Aberdin Anqus» və «Limuzin» cinslərindən olan heyvanları bəsləyərək yüksək keyfiyyətli ekoloji təmiz ət satışını həyata keçirir. Ət satışı respublikada fəaliyyət göstərən qapalı müəssisələrdə və daxili bazarlarda həyata keçirilir. Hal-hazırda burada məhsuldar cinsdən olan 1100 başa yaxın heyvan bəslənilir. Müəssisədə ana sürüsünün artırılması istiqamətində də mühüm işlər həyata keçirilir. 68 baş ana inəkdən 70 baş sağlam buzov əldə olunmuşdur. Sevindirici haldır ki, «Limuzin» cinsindən olan iki baş ana inək dünyaya əkiz bala gətirmişdir. Heyvanların yemə olan tələbatını tamamilə müəssisə özü həyata keçirir. Müəssisə 550 hektar əkinə yararlı torpaq sahəsinə malikdir. Bundan 430 hektar əkin sahəsinin suvarılması, müasir üsulla «PİVOT» suvarma sistemi ilə həyata keçirilir ki, bu da bol məhsulun əldə olunmasına və su itkisinin qarşısının alınmasına zəmin yaradır.
Müsahibim bildirdi ki, 2021-ci ilin məhsulu üçün 270 hektar arpa, 100 hektar buğda əkilmişdir. 71 hektar çoxillik bitki yonca sahəsi mövcuddur.
İşçilərin sayı 116 nəfərdir. Yaxın gələcəkdə bu rəqəmin çoxalacağı gözlənilir. Müəssisədə müasir standartlara cavab verən respublikanın Qərb bölgəsində analoqu olmayan kəsim sexi fəaliyyət göstərir.
Ötən təsərrüfat ilində aparılan düzgün aqrotexniki qulluq nəticəsində yüksək məhsuldarlığa nail olunmuşdur. Məlumdur ki, yonca bitkisi heyvanların kökəldilməsində xüsusi effekt verir. 71 hektar yonca sahəsindən 54 min ədəd yüksək keyfiyyətli yonca kipi əldə olunaraq tədarük edilmişdir. Hər hektardan 56 sentner buğda, 58 sentner arpa, 50 sentner qarğıdalı əldə olunmuşdur. 70 min ədəd saman kipi tədarük olunmuşdur.
Eyni zamanda növbəli əkin aparılaraq arpa və buğda biçildikdən sonra həmin ərazidə 200 hektar sahədə qarğıdalı əkilmiş, 500 tona yaxın silosluq qarğıdalı əldə olunaraq quyulara doldurulmuşdur. Hazırda bu proses başa çatdırılmışdır.
Cari ildə müəssisənin ərazisində 700 ədəd alma, 1500 ədəd xurma, 70 ədəd armud, 50 ədəd heyva ağacları əkilmişdir. Ötən illərdə isə 1400 ədəd gilas, 750 ədəd ərik, 120 ədəd alça ağacları əkilərək yüksək aqrotexniki qulluq göstərilmişdir. Bu mövsümdə ağaclar bar verəcəkdir. «Tovuz Aqro» MMC kifayət qədər kənd təsərrüfatı texnikaları ilə təmin olunmuşdur.
Müəssisədə mal peyininin gübrəyə çevrilməsi üçün xüsusi yer, yem saxlanması üçün üstü bağlı talvarlar, müasir ofis binası, yeməkxana, yataqxana, yem emal edən sex, bir sözlə, bütün lazımi şərait yaradılmışdır.
Göründüyü kimi «Tovuz Aqro» MMC-də heyvandarlığı innovativ üsullarla inkişaf etdirməklə yüksək məhsuldarlığa nail olunur.
Vəli VƏLİYEV,
«Respublika»