Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri Böyük Qələbənin başlanğıcı oldu

02 aprel 2021 | 16:00

Bu il Azərbaycan Ordusunun tarixi zəfərlərindən biri olan Aprel döyüşlərindən 5 il keçir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən və şəhidlik zirvəsinə yüksələn igid əsgərlərimizin və zabitlərimizin xatirəsini böyük ehtiramla yad edirik.

Azərbaycan xalqının Zəfər tarixi Aprel döyüşlərindən başlayır. Aprel döyüşlərində mənfur düşmənə qarşı aparılan uğurlu hərbi əməliyyatlar Böyük Qələbəyə gedən yolun əsasını qoydu. Aprel döyüşlərinə qədər Ermənistan silahlı qüvvələri “məğlubedilməzlik” mifi yaşayırdı. Azərbaycan Ordusunun rəşadəti sayəsində həmin döyüşlərdə minlərlə hektar torpaqlarımız işğalçılardan azad edildi. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu həmin vaxtdan ən yüksək hərbi hazırlığa və döyüş qabiliyyətinə malikdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu öz gücünü 2020-ci il sentyabr ayının 27-dən başlayan 44 günlük Vətən Müharibəsində göstərdi. Şanlı Ordumuz düşmənin silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Bununla da tarixi ədalət yerini tapdı, əzəli Azərbaycan torpaqları öz sahibinə qaytarıldı.

Aprel döyüşlərində iştirak edərək qəhrəmanlıq nümunəsi göstərən əsgər və zabitlərimizin müqəddəs yolunu Vətən Müharibəsində xalqımıza böyük qələbə sevincini yaşadan Azərbaycan Ordusu başa çatdırdı. Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn igidlərimizin qanı yerdə qalmadı. Bu gün biz şəhidlərimizin, həmçinin Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlmiş həmyerlimiz Cəfərov Mirsalam Təvəkkül oğlunun əziz xatirəsini anırıq və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

 

Keçidlər