Rayon İcra Hakimiyyətinin başçısı Türkiyədə müalicədə olan qazi Hüseyn Mustafayevin atası ilə görüşüb
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Vətən müharibəsində yaralanmış qazi, əslən rayonun Xatınlı kəndindən olan hərbi qulluqçu Mustafayev Hüseyn İslam oğlunun atası ilə görüşüb.
Məmməd Məmmədov qazinin sağlamlıq durumu, müalicəsinin gedişi vəziyyəti ilə maraqlanıb.
Qazinin atası İslam Mustafayev Vətən müharibəsində ağır yaralanmış oğlu Hüseynin müalicəsinə yüksək səviyyədə dövlət qayğısı göstərildiyini, hazırda Türkiyə Respublikasının Yeditepe xəstəxanasında müalicə olunduğunu, vəziyyətinin get-gedə stabilləşdiyini bildirib. Eyni zamanda İslam Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yaradılmış “YAŞAT” Fondunun onun ailəsinə dəstək olduğunu minnətdarlıqla diqqətə çatdırıb.
Məmməd Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış bütün hərbi qulluqçuların dövlət qayğısı ilə əhatə olunduğunu, qazilərimizin sağlamlıq durumunun dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin nəzarətində olduğunu vurğulamış, bütün ölkədə olduğu kimi Tovuz rayonunda da qazilərimizin, onların ailələrinin qayğılarının diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Səmimi şəraitdə keçən görüşdə rayon rəhbəri qazinin ailəsinin digər qayğıları ilə maraqlanıb.