Tovuz Rayon İcra Hakimiyyətinin başçısı İlaxır çərşənbəsində ucqar dağ kəndlərində şəhid ailələri ilə görüşüb
Bu gün torpaq çərşənbəsidir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu çərşənbə bu il Qarabağımızın erməni faşistlərinin işğalından azad olunması timsalında ölkəmizin ərazi bütövlüyünün bərqərar olduğu şəraitdə qarşıladığımız ilk torpaq çərşənbəsidir. Şükürlər olsun ki, bu il bayram tonqalları azad olunmuş torpaqlarımızda da alovlanır və bundan sonra şərin ayağı torpaqlarımızdan bütünlüklə kəsilmiş olacaqdır.
Qədimdə çərşənbələrdə başqa bir gözəl adətimiz də olub: Qonum-qonşular yasda olan ailələrlə bir yerə toplaşar, onları yasdan çıxararlarmış. Bu mənəvi dəyərimizə söykənərək Tovuzda Novruzun ilaxır çərşənbəsində ikinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri ilə bir araya gəlinib. İlk görüş Çatax kəndində şəhid Əliyev Aqil Faiq oğlu, Ayvazov Həsən Cəlil oğlu, Nəbiyev Cilingir Azad oğlu, Sarıyev Tural İsmayıl oğlunun ailə üzvləri ilə keçirilib. Sonra ziyarətçilər şəhid Məsimov Rauf Qafar oğlunun anımı münasibətilə keçirilən ailə mərasiminə qatılıb, daha sonra şəhid Əlizadə Eltac İsmayıl oğlunun ailəsində olublar.
Rayonun Böyük Qışlaq kəndində isə şəhid Bədəlov Oqtay Ələddin oğlu, Fərzalıyev Samiq Misir oğlu, Hüseynov Mustafa Ələddin oğlu, Qasımov Mustafa Dadaş oğlunun valideyinləri ilə birgə görüş keçirilib.
Həmçinin Əsrik Cırdaxan kəndində şəhid Şəkərov Xəyal İman oğlu, Hüseynov Əfşan Əbülfəz oğlu, Əliyev Hüseyn Sahib oğlu, Koxanəbi kəndində Ələkbərov Muraz Məzahir oğlu, Almalıtala kəndində Əliyev Cavid Şaban oğlu, Yanıqlı kəndində Hüseynov Emin Fərmayıl oğlu, Sadıqlı kəndində Aslanov Babək Sakit oğlunun ailələrinə baş çəkilib.
Çay süfrəsi ətrafında söhbət zamanı rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhid ailələri üzvlərinin güzaranı, dolanışıq şəraiti, sağlamlıq durumları ilə maraqlanmış, onları maraqlandıran məsələlərlə bağlı fikirlərini ifadə etmələrini, arzu və istəklərini dilə gətirmələrini xahiş etmişdir.
Şəhid ailələrinin üzvləri söhbət zamanı onları maraqlandıran məsələlər barədə danışmış, şəhid olmuş övladlarının döyüş yolundan, Vətən qarşısında xidmətlərindən, yağı düşmənin məhv edilməsində göstərdikləri igidlikdən, qəhrəmanlıqdan qürur hissi keçirdiklərini, şəhidlik zirvəsinə yüksəlmiş övladları ilə fəxr etdiklərini dilə gətirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, hər bir şəhid ailəsinin möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqətində olması, şəhidlərin adının müqəddəsliyi, onların şərəfli həyat yolunun gənc nəsil üçün örnək olması və xalqımızın yaddaşında əbədi yaşayacağı barədə geniş söhbət aparmışdır.
Məmməd Məmmədov şəhid ailələrinin üzvlərinə Ulu Tanırıdan səbr və təmkin diləmiş, can sağlığı, əmin-amanlıq və ruzi-bərəkət arzulamışdır.