Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzlu gənclər Vətənə məhəbbət, dövlətçiliyimizə sədaqət nümunəsi göstərirlər

03 mart 2021 | 16:00

Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə ciddi diqqət yetirilir. Bu istiqamətdə müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. Elə rayon icra hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının yardılması da bu məqsədə xidmət edir. Məşvərət Şurasının bu günlər keçirilən görüşündə rayon gənclərinin fədakarlığından söhbət açılmış, bu, ölkəmizdə aparılan gənclər siyasətinin uğurları kimi dəyərləndirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyevin iştirak etdikləri onlayn formatında keçirilən görüşdə qeyd edilmişdir ki,  Azərbaycan dövlətçiliyinin mühüm tərkib hissələrindən biri də dövlət gənclər siyasətidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Hazırda gənclərlə bağlı 2017-2021-ci illəri əhatə edən dövlət proqramı həyata keçirilir. Bundan başqa, 2015-ci ildə  “Azərbaycan  Gənclərinin İnkişafı Strategiyası” qəbul olunmuşdur. Əsas məqsəd gənclərimizin potensialından ölkəmizin mənafeyi naminə istifadə etmək və fəal vətəndaşlıq mövqeyinə malik yeni nəsil formalaşdırmaqdır.

Daha sonra bildirilmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən cox böyük uğurla davam etdirilməsi Azərbaycan gəncliyinin inkişafına sanballı təkan vermişdir. Məhz cənab Prezidentin rəhbərliyi və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə  həyata keçirilən davamlı tədbirlər, icra olunan layihələr gənclərimizin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.

Vurğulanmışdır ki, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, onlarda Vətənə məhəbbət, dövlətçiliyimizə sədaqət hisslərinin  aşılanması öncə 2020-ci ilin iyul ayında düşmənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində  yaratdığı təxribatın qarşısının alınmasında, bundan sonra isə sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində özünü tam sübut etdi.  Rəşadətli Azərbaycan Ordusunun sıralarında hərbi xidmət keçən gənclərimiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əzəli torpaqlarımızın işğaldan azad olunması və tarixi Qələbəmizin əldə olunmasında cəsurluq, igidlik və yenilməzlik nümunəsi göstərdilər. Azərbaycanın əldə etdiyi bu zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şanlı Azərbaycan Ordusunun adı ilə bağlıdır. Təbii ki, bu qələbədə Azərbaycan gəncliyinin xüsusi yeri və rolu vardır. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə şanlı Azərbaycan Ordusunun sıralarında tovuzlu gənclər də döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirmişlər.

Görüşdə həmçinin qeyd edilmişdir ki,  rayon icra hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının üzvləri pandemiya dövründə də rayon gəncləri arasında maarifləndirici tədbirlər həyata keçirmişlər.

Sabir ƏLİYEV,

“Azərbaycan”

Keçidlər