Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonu ərazisində pandemiya ilə bağlı mübarizə tədbirləri davam etdirilir

23 noyabr 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair 21 noyabr 2020-ci il tarixdə keçirilmiş respublika üzrə videomüşavirədə verilən tapşırıqların icrasının təşkili ilə bağlı rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən qərargahın videomüşavirə formatında iclası keçirilmişdir. Videomüşavirədə RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və polis sahə rəisləri iştirak etmişdir.

Videomüşavirəni rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən respublika üzrə videomüşavirədə aparılan müzakirələri və verilən tapşırıqları diqqətə çatdırmış və xüsusi karantin rejimi qaydalarına nəzarətin gücləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışmışdır.

Qeyd olunmuşdur ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu müharibəni qələbə ilə başa vuraraq işğal altında olan torpaqları azad edib. Müharibənin gedişində bütün imkanlar qələbənin təmin edilməsi üçün səfərbər olunmuşdu. İndi pandemiya ilə mübarizə yenidən prioritet məsələ olaraq gündəlikdədir.

Rayon ərazisində sanitariya qaydalarına ciddi əməl olunmalı, bu işə nəzarət gücləndirilməli, xüsusi karantin rejimi qaydaları tam məsuliyyətlə yerinə yetirilməlidir. Qəbul edilmiş qaydalara əməl olunmasına məsuliyyət daşıyan əsas orqanlardan biri də yerli icra hakimiyyətləridir. Bu sahədə fəaliyyət rayonun hüquq mühafizə orqanları ilə qarşılıqlı şəkildə qurulmalıdır. Rəhbər işçilərin iştirakı ilə, eyni zamanda mobil qruplar tərəfindən müntəzəm reydlər keçirilməli, maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla bütün tələblərə nəzarət gücləndirilməli, nöqsanlara yol verənlər haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlər görülməlidir.

Eyni zamanda yerlərdə yas mərasimlərinin keçirilməsi, ictimai nəqliyyatın hərəkətinin təşkili, ərzaq mağazaları və apteklər istisna olmaqla digər xidmət sahələrinin fəaliyyətinə dair tələblər diqqətə çatdırılmışdır. Ərazi icra nümayəndələrinə əhali arasında geniş maarifləndirmə işlərinin aparılması tapşırılmışdır.

Videomüşavirə dialoq şəkilində davam etdirilmişdir. Qərargah üzvü, rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov çıxış edərək rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl olunması vəziyyəti barədə məlumat vermiş, bu sahədə polis orqanlarının üzərinə düşən vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, polis işçiləri ərazi icra nümayəndələri ilə birlikdə qarşılıqlı fəaliyyət göstərməli, müvafiq qaydalara riayət etməyən vətəndaşlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri məsuliyyətlə icra etməlidir. Bu tədbirlərin həyata keçirilməsinə ciddi nəzarət olunacaqdır.

Videomüşavirədə RİH başçısının Tovuz və Qovlar şəhər, İbrahimhacılı və Düz Qırıqlı kənd İƏD üzrə nümayəndələri xüsusi karantin rejimi qaydalarının icrası vəziyyəti ilə bağlı məlumat vermiş, yerlərdəki vəziyyətlə bağlı onlara ünvanlanan sualları cavablandırmışlar. 

Videomüşavirəni RİH başçısı Məmməd Məmmədov yekunlaşdırmışdır.

Keçidlər