Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun sərhəd kəndləri hər gün atəşə tutulsa da, sakinlər nikbindirlər

01 sentyabr 2020 | 16:00

Namərd və xain düşmənin iyulun 12-dən ağır artilleriyadan və minaatanlardan atəş açması nəticəsində Tovuz rayonunun sərhəd kəndlərində mülki obyektlərə və vətəndaşların evlərinə xeyli ziyan dəydi.

Ermənilərin törətdikləri növbəti təxribat nəticəsində 6 yaşayış məntəqəsində - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində, ümumilikdə, 35 ev müxtəlif dərəcədə xəsarət aldı. İntensiv atəş nəticəsində dövlət əmlakına da xeyli ziyan dəydi. Bunlar əsasən kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.

Dövlət başcısı İlham Əliyev "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır. Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verilmişdir.

Dövlət başçısının həmin sərəncamı ilə bağlı görülən işlərlə tanış olmaq üçün Tovuz rayonunda olduq. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovla görüşüb söhbət etdik. M.Məmmədov dedi ki, hazırda Prezidentin sərəncamının icrası ilə bağlı Tovuzda təcili tədbirlər görülür. Bu məqsədlə Tovuz rayonuna ezam edilmiş işçi qrup vəziyyətlə bilavasitə yerində tanış olmaq üçün hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyətini öyrənmiş, ekspertlər tərəfindən müayinə və ekspertiza işləri aparılmışdır.

Rayon icra hakimiyyətinin başçısı onu da vurğuladı ki, hazırda sərhəd kəndləri ermənilər tərəfindən müntəzəm olaraq atəşə tutulur. İriçaplı silahlardan atılan güllələr indi də əhalini qorxu altında saxlayır. Ancaq sakinlər bilirlər ki, Azərbaycan Ordusu düşməni hər an susdurmağa qadirdir.

Odur ki, onlar gündəlik işləri ilə məşğuldurlar.

Öyrəndik ki, rayon icra hakimiyyətinin başçısı və məsul işçiləri də sərhəd kəndlərin sakinlərini tək qoymurlar. Onlar tez-tez kəndlərə baş çəkir, mövcud problemlərin həllində kömək göstərirlər. Həmin kəndlərə getmək, sakinlərlə görüşmək, dağılan evlərdə görülən işlərlə tanış olmaq istəyimizi bildirəndə rayon icra hakimiyyətinin başçısı heç bir problemin olmadığını bildirdi.

Qeyd edək ki, digər yaşayış məntəqələri kimi, sərhəd kəndlərinə gedən yollar da tamamilə yenidən qurulub. Bələdçimiz, rayon icra hakimiyyətinin məsul işçisi Tariyel Məmmədov yolboyu bizə həm Ermənistan, həm də Azərbaycan Ordusunun mövqelərindən danışdı. Uzaqdan görünən nəhəng dağların başında dayanan məğrur Azərbaycan Ordusunun mövqelərini göstərib dedi ki, düşmən daim həmin mövqeləri ələ keçirmək və beləliklə, bu əraziləri nəzarət altında saxlamaq üçün dəfələrlə təxribatlara əl atıb. Lakin Azərbaycan Ordusu düşmənin cavabını layiqincə verib. İyulun 12-də ermənilərin növbəti təxribatının da qarşısı mətinliklə alındı.

İlk çatdığımız kənd Dondar Quşçu oldu. Mən bu kəndin sərhəddə yerləşmədiyini və nə üçün ermənilərin bu kəndi atəşə tutmasının səbəbini soruşduqda Tariyel Məmmədov dedi ki, ermənilərin mövqeləri görünən o hündür dağın arxasındadır. Hərbi səriştəsizlik səbəbindən mərmiləri hara gəldi atmışlar ki, bunun da nəticəsində onlardan biri Telarə Əliyevanın, digəri isə Roza və Biranə Abdullayeva bacılarının yaşadıqları evə düşüb. Hər iki ev tamamilə dağılıb.

Biz Telarə Əliyevanın evində olduq. Burada yeni evin tikintisi aparılırdı. Söhbət zamanı məlum oldu ki, dünyagörmüş bu ağbirçək ananın 7 övladı var. Dağılmış evdə Namiq adlı oğlu və onun ailəsi ilə birlikdə yaşayırmış. Namiqin iki azyaşlı uşağı var. Söhbət zamanı Namiq dedi ki, evi yenicə təmir etdirmişdik. Lakin orada çox yaşaya bilmədik. İyulun 12-də günorta vaxtı idi. Oturub nahar edirdik. Birdən həyətimizə mərmi düşdü. Elə bil yer-göy lərzəyə gəldi. Hərəmiz bir tərəfə sığınıb həyatımızı qoruya bildik. İndi həyətdə balaca bir daxmada məskunlaşmışıq. Sağ olsun dövlətimizin başçısı, göstərişi ilə dağılmış evin yerində yenisini tikilir.

Roza və Biranə Abdullayeva bacılarının evi isə tamamilə dağılıb. Qeyd edək ki, həm atadan, həm də anadan yetim qalan bu bacılara Dondar Quşçu kəndində böyük hörmətlə yanaşırlar. Roza Bakı Dövlət Universitetinin IV kursunda təhsil alır. Bacısı Biranə isə həmin anda işlədiyi kənd xəstəxanasında olmuşdur. Xoşbəxtlikdən hər iki bacı hadisə baş verən anda evdə olmamışlar. İndi dağılmış ikimərtəbəli evin yerində yenisinin tikintisinə başlanılmışdır. Bacılar müvəqqəti olaraq xalalarının yanında yaşayırlar.

İyul döyüşlərində rayonun Ağdam kəndinə də xeyli ziyan dəymişdir. Bizi kənddə icra nümayəndəsi qarşıladı. Kənd haqqında ətraflı məlumat verərək dedi ki, 1450 nəfər əhalisi olan Ağdam kəndinin bir nəfər sakini də iyul hadisələrində öz el-obasını tərk etmədi. Ümumiyyətlə, Dağlıq Qarabağ müharibəsi başlayandan 14 nəfər şəhid verən bu kənddə indi də insanlar mərdliklə dayanmışlar.

İcra nümayəndəsi söhbət zamanı dedi ki, ermənilər həmişə təxribat törədirlər. Demək olar ki, indi də sutkanın 24 saatını fasilələrlə kəndi iriçaplı silahlardan atəşə tuturlar. Lakin sakinlər artıq buna alışıblar. Böyükdən-kiçiyə heç kim düşmən təxribatından qorxmur.

Məlum olduğu kimi, iyul döyüşləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində kənd sakini, 76 yaşlı Əziz Əzizov həlak olmuşdur. Mərhum Əziz Əzizovun evində də olduq. Burada çoxlu sayda inşaatçı çalışırdı. Mərhumun qızı Zərnişan Gözəlova atasının şəhid olduğu yeri göstərərək dedi:

- Ermənilərin atdıqları mərmi bax, bura düşmüşdü. Mərminin qəlpələri bütün evi dağıtmışdı. Atam isə yerdə sərili vəziyyətdə qalmışdı...

Qeyd edək ki, döyüşlərin şiddətli vaxtında ailə üzvlərinin xəbərdarlığına baxmayaraq, 4 övladı və 7 nəvəsi olan Əziz kişi yaşadığı evi tərk etməmişdi. Keçmiş döyüşçü kimi kəndində, el-obasının yanında olmağı özünə borc bilərək sevdiyi torpaqdan ayrılmamışdı.

Sonra dövlətimizə, xüsusən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq edən Zərnişan indi onun üçün dövlət vəsaiti ilə dördotaqlı ev tikildiyini söylədi.

Ümumiyyətlə, kənddə dağılmış evlərin bərpası diqqət mərkəzindədir. Görülən işlər isə kənd sakinləri tərəfindən razılıqla qarşılanır. Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun atası Nəsir Yusifov, kənd ağsaqqallarından İsa Əliyev, Cümşüd Bağırov, Şəmsi Yusifov və başqaları söhbət zamanı çox nikbin danışdılar. Dedilər ki, Ağdam kəndi Tovuzun səfalı bir ərazisində yerləşir. Hər tərəfdən yaşıl dağ yamacları ilə əhatə olunmuş kənddə dövlətimizin qayğısını hər an hiss edirlər. Gözəl yol çəkilib. Kəndə marşrut avtobusu işləyir. Burada 180 yerlik məktəb, 60 yerlik uşaq bağçası fəaliyyət göstərir. Kənddə poçt və mədəniyyət evi var. Sakinlər də ki çox işgüzardırlar. Əsasən heyvandarlıq və əkinçiliklə məşğul olan əhali öz halal çörəyini alın təri ilə qazanır.

Söhbət zamanı kənd ağsaqqalları dedilər ki, iyulun 12-də günorta saatlarında ermənilər kəndi atəşə tutmağa başladılar. Bizə elə gəldi ki, bu, düşmənin həmişəki təxribatlarındandır. Atışmanın şiddətlənməsindən sonra başa düşdük ki, bu, adi günlərdəki döyüş deyil. Ancaq Azərbaycan Ordusu cavab atəşi ilə düşmənə elə bir divan tutdu ki, böyük qürur hissi duyduq. Ordumuz düşmənin səsini birdəfəlik batırdı. Doğrudur, indi də arabir güllə səsləri eşidirik. Lakin biz heç nədən qorxmuruq.

İndi kənddə düşmənin atdığı artillerya atəşi nəticəsində dağılan evlərin bərpası, yaxud yenidən tikilməsi və infrastruktur obyektlərinə dəyən ziyanın aradan qaldırılması sürətlə davam etdirilir. Hazırda rayonun atəşə məruz qalmış yaşayış məntəqələrinin, o cümlədən bilavasitə təmas xəttində yerləşən sərhəd kəndlərinin əhalisinin sosial ehtiyaclarının ödənilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Ayrı-ayrı xidmət sahələri üzrə sakinlərin ehiyacları öyrənilir və onların həlli üçün iş aparılır.

Ağdam kəndindən qayıdanda bir neçə nəfərin yol kənarında tikinti apardığını gördük. Dayanıb maraqlandıq. Kənd ağsaqqalı Sahib Sadıqov dedi ki, burada şəhid generalımız Polad Həşimovun xatirəsinə bulaq kompleksi tikirik. Yaxın zamanlarda isə onun büstünü ucaltmaq fikrindəyik. Qoy Vətən, torpaq uğrunda şəhid olan igidlərimizin adı əbədi yaşasın.


Sabir ƏLİYEV,
"Azərbaycan”

 

Keçidlər