Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda videomüşavirə keçirilmişdir

02 iyul 2020 | 10:30

Tovuz RİH başçısının birinci müavini Rəşad Zeynalovun rəhbərliyi ilə RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videomüşavirə keçirilmişdir.

Videomüşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü barədə geniş məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər.

Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.

Təklif Nyu Yorkda 120 Qoşulmama Hərakatına üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca Qoşulmama Hərakatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərakatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT Baş Katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.

BMT Baş Katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir.

Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır.

130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.

Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.

Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. 

Yaxın günlərdə BMT Baş Katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir.

Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır.

Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərakatı ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün Xüsusi Sessiyanın keçirilməsi artıq təkcə Qoşulmama Hərakatı ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.

Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi Sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat vardır.

Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.

Videomüşavirədə xüsusi karantin rejimi dövründə həyata keçirilən tədbirlərin  bundan sonra da davam etdirilməsi zərurəti diqqətə çatdırılmış və inzibati ərazi dairələri üzrə nümayəndələrə müvafiq tapşırıqlar verilmişdir.        

Bildirilmişdir ki, xüsusi karantin rejimi qaydalarının mərhələli şəkildə yumşaldılma tədbirlərindən sonra vətəndaşların böyük bir hissəsinin müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etməməsi səbəbindən infeksiyaya yoluxanların sayı kəskin artmışdır.

Bununla əlaqədar, Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən yerlərdə görülən tədbirlər daha da gücləndirilməli, yaradılmış mobil qruplar tərəfindən Polis orqanlarının nümayəndələri ilə birgə ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqi aparılmalı, pozuntu hallarına yol vermiş cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməlidir.

Əhali arasında dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin və toy şənliklərinin keçirilməsinin qadağan olunması, ictimai yerlərdə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) tibbi maskalardan istifadənin vacibliyi barədə geniş təbliğat-izahat işləri davam etdirilməlidir.

Bu məsələlərlə bağlı ərazi icra nümayəndələrinin üzərinə çox böyük məsuliyyət düşdüyü qeyd olunmuş, yerlərdə xüsusi karantin rejimi qaydalarına ciddi riayət olunmasının nəzarətdə saxlanılması tələb olunmuşdur.

Keçidlər