Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasına qarşı bəzi ölkələr və bəzi təşkilatlar tərəfindən ikili standartların əsaslı faktlarla sübuta yetirilməsi

08 iyun 2020 | 16:00

Prezident İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlər böyük ictimai marağa səbəb olmuşdur və biz Tovuzlular həmin proqram xarakterli çıxışın, ölkə rəhbərimizin səsləndirdiyi dəyərli fikirlərin təsiri altındayıq.

Cənab Prezident həmin çıxışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı proqram xarakterli olduqca vacib məqamlara toxunmuşdur.

İşğalçı Ermənistanda müşahidə olunan əsas məqamlar ictimai-siyasi müstəvidə gərginliyin daha da artması, sosial-iqtisadi sahədə vəziyyətin əvvəlki dövrlərə nisbətən xeyli pisləşməsidir. İki il bundan əvvəl Ermənistanda separatçı rejimin hakimiyyətdən devrilməsi, onun yerinə kənar qüvvələrin əlində sadəcə vasitə olan Nikol Paşinyanın iqtidara gəlməsi də təcavüzkar ölkədə gərgin ictimai-siyasi, ağır sosial-iqtisadi vəziyyətin sonuna çatmasına səbəb olmadı.

Bunun əsas səbəbi Ermənistanın işğal siyasətini davam etdirməsi, Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı bu dövləti təcrid vəziyyətində saxlamasıdır. Əslində Ermənistanda hərbi xuntanın devrilməsinin başlıca səbəbi də məhz Azərbaycanın bu ölkəyə qarşı atdığı addımlardan qaynaqlanır.

Cənab Prezidentin nitqindən: "Bildiyiniz kimi, bu yaxınlarda qondarma "Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkiləri keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir. Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıbdır, ictimaiyyətə təqdim edibdir. Onların generalları oğru, onların dırnaqarası "qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə cinayətkar rejim yaradıb”.

Bu gün Ermənistan Dağlıq Qarabağ probleminin dinc müstəvidə həlli məqsədilə ona verilən şansı hələ də lazımınca dəyərləndirmir. Eyni zamanda işğal olunmuş ərazilərdə yaradılan qondarma separatçı rejimin keçirdiyi "prezident seçkiləri” də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirməkdədir. Sözügedən ölkə hələ də Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmağa tələsmir, burada yaratdığı separatçı rejimə hərtərəfli dəstəyini davam etdirir, hətta onun fəaliyyətinə hüquqi don geyindirməyə çalışır.

Dağlıq Qarabağda yaradılmış separatçı rejimin keçirdiyi sonuncu "seçkilər” də bu qəbildən olan növbəti cəhddən başqa bir şey deyil. Bununla bağlı müxtəlif beynəlxalq qurumlar tərəfindən çoxsaylı qərarlar, qətnamələr, eləcə də digər sənədlər qəbul edilib. Amma Ermənistan hələ də beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirərək həmin sənədlərdə qoyulan tələbi yerinə yetirməkdən imtina edir.

Tərtərdə bir qrup idmançı qarşısında çıxışı zamanı Cənab Prezident bildirmişdir: "İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası "seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!”

Beləliklə, münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtmasıdır. Ölkəmizin beynəlxalq hüquqa və tarixi ədalətə söykənən bu mövqeyi bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunur və dəstəklənir.

Ermənilərin isə buna müqavimət imkanları getdikcə daha zəif hala gəlir. Digər tərəfdən düşmən görür ki, Azərbaycanın artan hərbi-siyasi gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb, hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə Qarabağ probleminin həllində şərtlərin məhz Azərbaycanın diktə etməsinə şərait yaradır.

Aclıq və səfalət içərisində yaşayan Ermənistan əhalisi görür ki, bu durumda Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlaya bilməz. Ermənilər görürlər ki, işğal faktoru üzərindən yürüdülən militarist siyasət, qonşu dövlətlərə qarşı ərazi iddialarının təşviqi və yarıtmaz idarəçilik Yerevanı regionda həyata keçirilən bütün layihələrdən kənarda qoyub. Bu isə ölkənin çöküşünü sürətləndirir, əhalinin ölkədən qaçmasına, olduqca ağır, məşəqqətli sosial şərtlər altında yaşamasına səbəb olur.

Bu durumda Azərbaycanın öz təbii resurslarına, insan potensialına söykənərək yürütdüyü sabit və uzaqgörən siyasət Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Bu dalandan yeganə çıxış yolu isə işğala son qoyulması, dinc birgəyaşayışdır. Əks təqdirdə Ermənistanı Azərbaycan başqa yolla ərazisindən çıxmağa vadar edəcək.

Böyük siyasi iradəsi və qətiyyəti ilə dünya liderləri arasında öz nüfuzu ilə seçilən cənab Prezident Azərbaycana qarşı yürüdülən ikili standartı tam şəkildə ifşa etmişdir:

“Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”. Prezident İlham Əliyev Avropa Şurası ilə münasibətləri xarakterizə edərək, bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytardıqlarını, indi bu dünyada bəzi ölkələrdə nələr baş verməsi ilə bağlı Avropa Şurasından  bəyanat vermələrini gözlədiklərini qeyd etdi.

Prezident İlham Əliyev elə Avropa dövlətlərinin özlərində polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, nümayişçilərin öldürülməsinin, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin müşahidə edildiyini ifadə edib. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur.

Azərbaycan və Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini vurğulayan Prezident İlham Əliyev, Ermənistandan fərqli olaraq Azərbaycanın götürdüyü öhdəliklər sadiq qalmasına baxmayaraq, bu iki ölkəyə münasibətdə AŞ-nın ikili standartlarda siyasət həyata keçirdiyini xatırladıb.

AŞPA-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı nifrət aşıladığını deyib və təbii ki, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi diqqətindən yayınmayıb: Prezident İlham Əliyev qeyd edib ki, heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilib, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır və heç kəsə sirr deyil ki, AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur, sönük keçir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn, AŞPA-nın bu ilin yanvarın sonlarında keçirilən qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib.

AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə  üst-üstə düşmədiyini, ikili standartlar nümunəsinə rast gəldiyini qeyd edən Prezident İlham Əliyev belə davam edib: AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər.

Prezident İlham Əliyev AŞPA-nın Azərbaycana yönəlik siyasətində siyasi məhbuslar məsələsinin haqsız və əsassız olaraq hər zaman gündəliyə gətirməsi məsələsinə də münasibət bildirib:Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri şübhəsiz ki 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri daha da quduzlaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində və zamanı Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi aydın şəkildə dərhal sezilirdi. Ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələr mifik “Azərbaycan landromatı” söhbətini ortaya atdılar. Bir anlıq təsəvvür edək ki, guya bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərdən danışırlar?!

AŞPA-nın cari ilin 9 fevral tarixində keçirilən parlament seçkiləri ilə bağlı qərəzli və ədalətsiz münasibəti də Prezident İlham Əliyevin nitqində yer alıb: AŞPA-nın Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibəti qəbuledilməz idi. Bütün seçki prosesini, atılan addımları, tərəqqini kənara qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verir. Bu mənada, 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da suallar doğurdu. AŞPA-nın seçkiyə az qalmış belə bir destruktiv addım atması onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsidir. Sual olunur. AŞPA Azərbaycanı məgər bu qədər çox sevir? AŞPA-nın bu qədər Azərbaycanı canı yanır?

AŞPA-Azərbaycan münasibətlərini təhlil edən Prezident İlham Əliyev qurumun təməlini təşkil edən bəşəri demokratik dəyərlərin qurumun özü tərəfindən heç də bəşəri qəbul edilmədiyini göstərməsi baxımından maraqlı müqayisə aparıb: Əgər belədirsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞPA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir.

AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyasının Azərbaycanın siyasi iradəsindən döndərə bilməyəcəyini, doğru və qanuni bildiyi yoldan uzaqlaşdırmayacağını qeyd edən Prezident İlham Əliyev deyib:

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iqtisadi, siyasi uğurlar qazandığını, pandemiya dövründə qəbul etdiyi doğru qərarlar və istər vətəndaşlarına, istərsə də digər dövlətlərə göstərdiyi humanitar yardımlar və başqa tərəqqiləri göstərmək baxımından aşağıdakı abzas xüsusi əhəmiyyət daşıyır. 30 ilə yaxındır ki Azərbaycan müstəqillik əldə edib və bu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Hamının qarşısında aciz qaldığı COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan əhəmiyyətli töhfə verib. Multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.

Prezident İlham Əliyev şəxsi təşəbbüsü ilə pandemiya dövründə Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri bu görüşlərin nəticələri barədə danışıb və çıxışında bu məsələlərə də yer verib. Bu məsələlər də geniş şəkildə gündəmə gətirilməlidir. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri keçirilib. Qeyd olunmalıdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Zirvə görüşünü keçirib. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirk ediblər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edib.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında mühüm yerə sahib olması, həyata keçirdiyi beynəlxalq infrastruktur layihələri olduqca əhəmiyyətlidir.

Ölkəmiz dünyada artıq “orta miqyaslı” ölkə kimi tanınır. Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycanın qlobal uğurları  ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir ki, bu da öz növbəsində Azərbaycanı sevməyən qüvvələri, tarixi düşmənlərimizi və azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz. Xalqımız isə qəti əmindir ki, xalq iradəsinə söykənərək düzgün xarici və daxili siyasət yeridən Prezident İlham Əliyevin qətiyyəti, yenilməz siyasi iradəsi nəticəsində Azərbaycana qarşı yürüdülən ikili standartlar süquta uğrayacaqdır.

Keçidlər