Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzluları xüsusi karantin rejimi dövründə daha məsuliyyətli olmağa çağırırıq

04 iyun 2020 | 16:00

2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüb və görülməkdədir. Cənab Prezidentin qətiyyəti və siyasi iradəsi nəticəsində pandemiya ilə mübarizə sahəsində Azərbaycanda görülən səmərəli işlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir. Həmin tədbirlər müsbət nəticələr vermişdir və bu, statistik göstəricilərdə də öz əksini tapmışdır. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən Operativ Qərargah mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlamışdır. Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi və ilkin olaraq həmin tövsiyələrə və tələblərə riayət edildi. Lakin təəssüflə qeyd etməliyik ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artmışdır.

Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah müvafiq qərar qəbul edib. Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

Hökumətimizin xalqın sağlamlığı üçün atdığı belə sərt addım yalnız ümumxalq mənafeyinə xidmət edir və ölkəmiz üçün strateji əhəmiyyətə malikdir. 

Bütün bunlar koronavirus pandemiyasından az itkilərlə çıxmaq üçün çox vacibdir və vətəndaşlar müvafiq qaydalara ciddi şəkildə əməl etməlidirlər. Təəssüf ki, xüsusi karantin rejimi yumuşaldılandan sonra bəzi insanlar məsələyə laqeyid yanaşdılar. Amma belə yanaşma doğru deyil. Ona görə də bu sahədə maarifləndirmə işi gücləndirilməlidir. Hazırda pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə karantin rejimi qaydalarına ciddi riayətdən birbaşa asılıdır.

Cənab Prezident İlham Əliyevin 3 iyun 2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməlidir.

Bu məsuliyyətli dönəmdə vacib məqamlardan biri də ictimai qınaq məsələsidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və cəmiyyətin digər üzvlərini qorumaq üçün qəbul olunmuş sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da belə davranışa dəvət etməlidir. Ona görə də bu ümumxalq prosesinə ictimai nəzarət və qınaq vacib şərtlərdən biridir.

Hörmətli Tovuzlular! Hər birinizi koronavirusla (COVID 19) mübarizədə şəxsi nümunə göstərməyə, ailə, cəmiyyət, Vətən qarşısında ciddi məsuliyyət nümayiş etdirməyə çağırırıq.

Keçidlər