Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Aprel şəhidi Mirsalam Cəfərovun məzarı ziyarət olunmuşdur

07 aprel 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Bayramlı kəndində olmuş və doğum günü münasibətilə şəhid Mirsalam Cəfərovun qəbrini ziyarət etmişdir.

2016-cı ilin aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Mirsalam Cəfərovun məzarına gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmiş və ruhuna dualar oxunmuşdur.

Şəhid Mirsalam Cəfərovun anası ilə söhbət zamanı qeyd olunmuşdur ki, Aprel döyüşlərində Azərbaycan Ordusunun qələbəsi xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk olundu. Mirsalam kimi igidlərin hünəri sayəsində Aprel döyüşləri tariximizin şanlı səhifəsinə çevrildi, minlərlə hektar torpaqlarımız işğalçılardan azad edildi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Bu tarixi qələbənin əldə olunmasında Mirsalam kimi cəsur kəşfiyyatçılarımızın şücaəti unudulmazdır və ən yüksək qiymətə layiqdir.

Aprel döyüşlərində öz qüdrətini nümayiş etdirən Azərbaycan Ordusu möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin bir əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Biz buna möhkəm inanırıq! Bilirik ki, cənab Prezidentin qətiyyəti, siyasi iradəsi və dünyanın ən güclü ordularından birinə çevirdiyi Azərbaycan Ordusunun gücü ilə ərazi bütövlüyümüz bərpa ediləcəkdir!

Şəhidin anası Qızxanım Cəfərova şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından minnətdarlığını ifadə etmiş, Mirsalamın doğum günündə onu xatirəsini yad edənlərə təşəkkürünü bildirmişdir.

Sonda rayon rəhbəri şəhid Mirsalam Cəfərova və bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir.

Keçidlər