Şriftin ölçüsü :

Saytın rəngi :

Alakol kəndində səyyar qəbul-görüş keçirilmişdir

22 yanvar 2020 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Alakol kəndində  keçirilmişdir. Səyyar qəbul-görüşdə kənd sakinləri, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişlər.

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən, yanvar ayının 13-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə aparılan müzakirələrdən, qarşıya qoyulan  hədəflərdən danışmışdır.

Rayonda aparılan tikinti quruculuq və abadlıq işləri, kənd təsərrüfatının inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verən rayon rəhbəri ötən il Alakol kəndində 624 şagird yerlik tam orta məktəbin yeni binasının istifadəyə verildiyini, Köhnəqala kənd tam orta məktəbində əsaslı təmir işlərinin aparıldığını, kənd ərazisində dənli bitki toxumlarının emalı zavodunun tikildiyini, Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı avtomobil yolunun asfaltlandığını qeyd etmişdir.

M. Məmmədov vətəndaşlardan onları maraqlandıran məsələlər barədə sərbəst və açıq şəkildə müraciət etməyi xahiş etmişdir.

Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar kənd xəstəxanasının və mədəniyyət evinin təmiri, yol, elektrik təsərrüfatının yenilənməsi, həyatyanı torpaq sahəsi ilə təminat, evinin sənədləşdirilməsi, su arxlarının betonlaşması, işlə təminat və başqa məzmunlu mürəciətlər etmişlər.

Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir. Bir sıra tapşırıqların icrası nəzarətə götürülmüşdür.

 

Keçidlər