Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Müstəqilliyi Günü münasibəti ilə elmi-praktik konfrans keçirilmişdir

16 oktyabr 2019 | 16:00

YAP Tovuz rayon təşkilatının Akt  zalında keçirililən elmi-praktik konfransı Tovuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq qeyd etmişdir ki,   28 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.  Ancaq  cəsarətlə demək olar ki, əsl müstəqilliymiz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.  1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi.Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü ilin  20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi-“Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin, ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı.  Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu.  Azərbaycanın suveren dövlət kimi  mövcud olması tarixi zərurətdən irəli gəlirdisə, müstəqilliyimizin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevlə bağlıdır. Məhz Heydər Əliyevin  qurduğu yeni  Azərbaycan faktı  müasir  dünyada ölkələrin yerini  daha aydın müəyyənləşdirdi. Azərbaycanın dünyaya, dünyanın Azərbaycana gərəklili olduğunu sübut etdi. Ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan  cənab Prezident İlham Əliyev müstəqil Azərbaycanda düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirdi. 2003-cü il oktyabr ayının 15-də Prezident seçilən cənab İlham Əliyev ötən 16 il ərzində Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq cənab Prezidentin həyat fəlsəfəsidir. Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Dünyanın ən nüfuzlu analitik mərkəzləri və Davos Forumu tərəfindən Azərbaycan öz sürətli inkkşaf  tempinə görə lider dövlətlər sırasında qiymətləndirilmişdir. Ölkə iqtisadiyyatına 270 milyard dollar investisiya yatırılmışdır. Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycanla bu sahədə hesablaşırlar. İndi  Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rola malikdir: Dünyanın ən böyük enerji layihələrindən “Cənub Qaz Dəhlizi”  artıq istifadəyə verilərək reallığa çevrilmişdir. Azərbaycan nəqliyyat dəhlizinin idarə olunmasında söz sahibidir. Prezidentimizin təşəbbüsü ilə daha bir qlobal layihə reallaşdı - Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. İndi Asiya və Avropanı birləşdirən bu nəqliyyat dəhlizi ölkəmiz üçün geniş perspektivlər vəd edir. Azərbaycan indi dünyanın az sayda olan kosmik ölkələrindən biridir. Ələt Beynəlxalq Dəniz limanının da işə düşməsi də müstəsna əhəmiyyətə malik bir hadisədir. Bütün bunlar müstəqilliyimizin real bəhrələridir. Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Müstəqilliymizin indi reallığı ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir. 

Elmi-praktik konfransda daha sonra İH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramovanın  “Prezident İlham Əliyev və müstəqilliyimizin son 16 ili” mövzusunda, əməkdar müəllim Ulduzə Alıyevanın “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir” mövzusunda, rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərovun “Heydər Əliyev və müstəqil  Azərbaycan”  mövzusunda məruzələri dinlənilmişdir.

Tədbir iştirakçılarını 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı M. Məmmədov konfransı yekunlaşdırmışdır.

Keçidlər