Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 2019-cu ildə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirmişdir

27 avqust 2019 | 16:00

Görüş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilmişdir. Tədbirdə  ali təhsil müəssisələrinə qəbul olunmuş tovuzlu məzunlar, məktəb direktorları, dövlət orqanlarının və bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, iş adamları, qabaqcıl müəllimlər iştirak edirdi.
Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov tədbiri açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları,  Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva təhsilə, gənc nəslin hərtərəfli yetişdirilməsinə daim böyük qayğı göstərirlər.
Ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi, qara qızılın insanlarımızın rifahının daha da yüksəldilməsinə yönəldilməsi istiqamətində kompleks tədbirlər uğurla həyata keçirilir. Son 15 ildə rayonumuzda da  35 müasir tipli məktəb binasının istifadəyə verilməsi Tovuza Azərbaycan dövlətinin qayğısının ən parlaq təzahürüdür.  Təkcə 2018-ci ildə sərhəddə yerləşən Ağbulaq kəndində 134 yerlik müasir məktəb binası, Qayadibi, Qaralar, Hacıhəsənli, Qoşa, Bala Şamlıq, Sarıtala kəndlərində 5 modul tipli məktəb tikilərək istifadəyə verilmişdir. Hazırda  Alakol kəndində 624 yerlik müasir məktəb kompleksinin tikintisi yekunlaşmaq üzrədir. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Bozalqanlıda 6 korpusdan ibarət 1200 yerlik müasir məktəb kompleksi tikilir, 1176 yerlik Aşağı Quşçu və Köhnəqala məktəb binaları əsaslı şəkildə yenidən qurulur. O 2 məktəbdə aparılan təmir-yenidənqurma işlərinin həcmi o qədər böyükdür ki, üst-üstə götürüldükdə onlar, az qala bir yeni məktəbə bərabərdir. Cari tədris ili başlayanadək yüksək dağlıq  ərazidə yerləşən Güvəndik və Şamlıq kəndlərində də modul tipli 2  yeni məktəb binası tikilib istifadəyə veriləcəkdir.  
Rayon təhsilində son dövrlər  müəyyən nailiyyətlər əldə olunmuşdur. Yaxşı haldır ki, Qaraxanlı, Z. Yusifov adına Bayramlı, Y. Sadıqov adına Bozalqanlı, Çataq kənd orta məktəblərindən hər birindən bir təmayüllü sinifin şagirdləri tamamilə ali məktəbə qəbul olunmuşdur. Burada Qaraxanlıda  23 nəfərlik təkcə bir sinfin tamamilə ali məktəblərə qəbul olunması çox yaxşı haldır. Buna baxmayaraq zəngin ənənələri olan Tovuz təhsili digər məktəblər üzrə də daha böyük nəticələr əldə etməyə qadirdir. Tarixən təhsilə, elm və mədəniyyətə çox bağlı olan tovuzluların övladları ölkənin və dünyanın ayrı-ayrı nüfuzlu universitetlərində bundan daha artıq sayda təmsil olunmağa layiqdirlər. Bunun  üçün rayonda lazımi maddi-texniki baza və  bütün şərait vardır.  Respublikanın ali məktəblərinə bu il qəbul olunmuş 571 nəfər tovuzlu gənc bizim fəxrimizdir. Onlardan iki nəfəri 650-dən yuxarı, 18 nəfəri 600-dən yuxarı, 130 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Ancaq bizim potensialımız  yüksəkdir və bizim zəngin ənənələrimiz imkan verir ki, daha yüksək kefiyyət göstəricilərinə nail ola bilək.
Mən bu ilki qəbulda yüksək nəticələrə nail olanları və bütövlükdə tələbə adı qazananların hamısını ürəkdən təbrik edirəm. Biz möhkəm inanırıq ki, həmin gənclərimizin həyatda qazandıqları bu ilki uğur davamlı olacaq və onlar layiqli vətəndaş kimi yetişərək Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verəcəklər!
Sonra Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyədən gəlmiş araşdırmaçı yazar Məryəm Aybikə Sinan çıxış edərək tələbə adını qazanmış tovuzlu gəncləri təbrik etmiş, həyatda onlara daha böyük uğurlar arzulamışlar.
Daha sonra yüksək nəticə göstərən gənclərə rayon icra hakimiyyətinin Fəxri Fərmanları və qiymətli  hədiyyələri təqdim olunmuşdur. 
Fəallıq şəraitində keçən görüşdə yüksək balla  Bakı Dövlət Universitetinə qəbul olunmuş Y. Sadıqov Bozalqanlı kənd orta məktəbin məzunu Elnur Mansurov, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri ictimai birliyi rayon şöbəsinin sədri Əli Əliyev,  F. Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbinin direktoru Ceyran Məmmədova, valideyin Azər Sadıqov, A. S. Puşkin adına Tovuz şəhər məktəb-liseyin məzunu,  tələbə adını qazanmış  Elnarə Əhmədova, rayon üzrə ən yüksək bal toplayan Eşqin Həsənovun anası, hərbi qulluqçu  Gülnarə Həsənova çıxış edərək təhsilə, gənc nəslə göstərdiklərə qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda belə yaddaqalan tədbir keçirildiyinə görə rayon icra hakimiyyətinə razılıqlarını ifadə etmişlər.
Tədbiri yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov qeyd etmişdir ki, biz yaxşı bilirik ki, bizim ölkəmizdə qeyri-neft sektorunun inkişafına başlıca diqqət yetirilir və ölkə rəhbərimizin siyasi iradəsi və dövlət qayğısı nəticəsində bu sahədə çox böyük irəliləyişə nail olunmuşdur. Torpaqdan maksimum gəlir götürmək sahəsində zəngin ənənələri olan Tovuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahədə bölgəmiz yaxşı tanınır. Kənd təsərrüfatı mütəxəssisləri həmişə hörmət və nüfuz sahibi olmuşlar.
Son iki ildə Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri  ilə birlikdə rayonumuzda  orta məktəbi bitirən  gənclərlə görüşümüz oldu. Hesab edirəm ki, həmin görüşün  səmərəliliyi artıq göz önündədir, əvvəllər həmin təhsil müəssisəsinə təsadüfi halda tovuzlu məzunlar üz tuturdusa, bizim səmərəli keçən görüşümüzün nəticəsi kimi iki ildə 52 nəfər  öz talelərini insan bəsləyən torpaqla, aqrar sektorla bağlamışdır.
İndi gənclərimiz öz arzuları ilə ölkənin və dünyanın ayrı-ayrı nüfuzlu ali təhsil müəssisələrinə daxil olub orada uğurlu təhsil alırlar. Mən onların hamısına, buraya toplaşanlara öz işlərində uğurlar arzulayıram. Bir arzumu da burada siz gənclərə çatdırmaq  istəyirəm ki, harada olusunuzsa olun həmişə öz vətəniniz  Azərbaycanla fəxr edin, millətimizin adını daha da şərəfləndirin.
Biz  o gənclərimizlə fəxr edirik ki, onlar valideynlərinin, müəllimlərinin zəhmətini itirmədilər. Onlar  tələbə adını qazandılar və təhsillərini də uğurla davam etdirəcəklər.
Mən burada hörmətli  müəllimlərimizə də müraciət edib demək istəyirəm ki, müstəqil Azərbaycan Respublikasının gənc qurucularının və layiqli vətəndaşlarının yetişdirilməsi sizin hər birinizdən asılıdır. Valideynlər öz övladlarını sizlərə etibar etmişdir. Dövlətimizin təhsilə hərtərəfli qayğısının məntiqi nəticəsi olaraq, inanırıq ki, siz bu şərəfli vəzifənizin öhdəsindən  bundan sonra da layiqincə gələcəksiniz. Bu çətin və eyni zamanda çox məsuliyyətli işinizdə, səmərəli pedoqoji fəaliyyətinizdə sizin hər birinizə nailiyyətlər arzu edirəm.
Axırda rayonun incəsənət ustaları hazırladıqları geniş konsert proqramı ilə çıxış etmiş, gənclər təşkil olunan şou proqramda axşamdan xeyli keçənədək əylənmişlər.

Keçidlər