Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzlu güləşçi Elnurə Məmmədova Fəxri Fərmanla təltif edilmişdir

06 avqust 2019 | 16:00

Gənc idmançı Elnurə Məmmədovanın XV Avropa Gənclər yay Festivalında sərbəst güləş üzrə II yerə layiq görülməsi münasibəti ilə  Tovuz rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.

Tədbiri Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab M.Məmmədov açaraq ölkəmizdə idmana və idmançılara dövlət səviyyəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən xüsusi diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki,  bu qayğının nəticəsidir ki, Azərbaycan artıq idman ölkəsi kimi dünyada tanınır. Ölkəmiz bir sıra mötəbər beynəlxalq yarışlara ev sahibliyi edir. Respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idman ictimaiyyətinin həyat tərzinin yaxşılaşdırılması və idmançılarımızın həvəsləndirilməsi həmişə dövlət başçısının diqqətindədir. Mütəmadi olaraq öz uğurları ilə fərqlənən idmançılarımız cənab Prezident tərəfindən qəbul olunur və onların xidmətləri ən yüksək səviyyədə dəyərləndirilir. 

Məlumat verilmişdir ki,  21-27 iyul 2019-cu il tarixlərdə Bakı şəhərində XV Avropa Gənclər Festivalı keçirilmişdir. Festivalda 48 ölkənin idmançıları mübarizə aparmışlar. Azərbaycan millisi Festivalda 122 idmançı ilə təmsil olunmuşdur. Həmin təmsilçilərdən biri də həmyerlimiz  xanım idmançı Məmmədova Elnurə Rizvan qızıdır. Elnurə Festivalda 53 kq çəki dərəcəsində sərbəst güləş üzrə II yeri tutmuşdur. Bu yarışa qədər isə o, 2019-cu ilin iyun ayında İtalyada keçirilən Yeniyetmə güləşçilərin Avropa Çempionatında sərbəst güləş üzrə ölkəmizi təmsil edərək bürünc medal qazanmışdır. Bu göstəricilər gənc bir idmançı üçün çox yüksək nəticədir. Elnurə Məmmədova Respublikamızı və rayonumuzu ləyaqətlə təmsil etmişdir.
Tovuz rayonu İcra Hakimiyyətinin başçısı cənab M.Məmmədov bu münasibətlə  Elnurə Məmmədovanı, onun məşqçisini və valideynlərini, bütövlükdə rayonunun idman ictimaiyyətini təbrik etmiş və onlara uğurlar arzulamışdır. 
 XV Avropa Gənclər yay Festivalında sərbəst güləş üzrə II yeri tutduğuna görə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Elnurə Məmmədova Fəxri Fərmanla təltif edilmiş və ona qiymətli hədiyyə təqdim olunmuşdur.
Gənc idmançı Elnurə Məmmədova çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısına görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmiş,onun idmançı kimi yetişməsində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir. Öz pərəstişkarlarını daha böyük nailiyyətlərlə sevindirəcəyini qeyd etmişdir.
Rayon idmançıları adından çıxış edən gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov  rayonda idmanın inkişafı sahəsində görülən işlərdən danışmışdır.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı cənab M.Məmmədov yekunlaşdırmışdır.

Keçidlər