Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətində yaradılmış xüsusi Qərargahın iclası keçirilmişdir

21 iyun 2019 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığının icrasının təmin olunması məqsədilə taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi zərurəti ilə bağlı İH başçısının 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə yaradılmış xüsusi qərargahın iclası keçirilmişdir.
İclasda qərargah üzvləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə müəssisə və təşkilat rəhbərləri rayon İH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
İclasda rayon icra hakimiyyətinin başçısı, qərargahın sədri cənab Məmməd Məmmədov çıxış etmişdir. Bildirmişdir ki, cari mövsümdə rayon üzrə cəmi 15464 ha taxıl əkilmişdir. Bundan 5452 hektarı Ceyrançöl ərazisindədir. Hazırda arpa biçini aparılır və bu günlərdə bütün kəndlərdə taxıl biçininə başlanacaqdır. Eyni zamanda yay mövsümünün gəlişi və havaların isti keçməsi ilə əlaqədar meşə ərazilərinə insan axını intensivləşmişdir. Ona görə də yerlərdə yanğın təhlükəsizliyi ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir.
M. Məmmədov bununla bağlı müvafiq tapşırıq və tövsiyələrini verərək  qeyd etmişdir ki, taxıl zəmiləri biçildikdən dərhal sonra şumlanma işləri aparılmalıdır. Xüsusilə yüksək gərginlikli hava ötürücü elektrik xəttləri keçən ərazilərin  mühafizə zonalarında yerləşən hissələrin şumlanması nəzarətdə saxlanmalıdır. Eyni zamanda meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi təşkil olunmalıdır.
Yerlərdə məişət və sənaye tullantılarının ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri arasında geniş izahat işləri aparmalıdır.
Təhlükəsizlik tələblərini pozan şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin və digər zəruri təxirəsalınmaz işlərin görülməsi təmin olunmalıdır.
Ərazi icra nümayəndələri yerlərdə sahələrə baxış keçirməli, torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparmalı, mühafizə zolaqlarının şumlanmasını, ətraf sahələrin quru otlardan təmizlənməsini təşkil etməlidirlər. İH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə və bələdiyyə sədrlərinə bu məsələ ilə bağlı məktublar göndərilmiş, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
“Aqrolizinq” ASC-nin Tovuz rayon filialının rəhbərliyi taxıl biçini aparılan ərazilərdə təhlükəsizlik tədbirlərini diqqətdə saxlamalı, kombaynlar saz vəziyyətdə işə buraxılmalı, yanğın təhlükəsizliyinə ciddi riayət olunmalıdır. 
Yanğın təhlükəsizliyi xidməti mütəmadi olaraq yerlərdə biçinin gedişi vəziyyətinə baxış keçirməli, yanğın təhlükəsizliyi qaydaları haqqında fermerlərə lazımi metodiki tövsiyələr verməlidir.
Rayon elektrik şəbəkəsinin rəhbərliyi ərazidən keçən yüksək gərginlikli elektrik verilişi xəttlərini tam nəzarətə götürməlidir.Yüksək gərginlikli xəttlər keçən ərazilərə konkret məsul şəxslər ayırmalı və növbətçilik təşkil etməlidir.
2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin və Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi yay mövsümünün başlanması ilə əlaqədar insanların meşə ərazilərinə axınının intensivləşməsini nəzərə alaraq meşələrdə yanğın təhlükəsizliyi tədbirlərini gücləndirməlidirlər.
Mərkəzi rayon xəstəxanası mövsümlə bağlı bədbəxt hadisələrə qarşı tibb müəssiələrini yüksək hazırlıq vəziyyətinə gətirməlidir.
Qərargahın “Qaynar xətt” əlaqə mərkəzi (022 315 50 93) yaradılmışdır. Qərargah noyabr ayının 1-dək fəaliyyət göstərəcəkdir. Bütün aidiyyəti təşkilatlar və yerli icra nümayəndələri mütəmadi olaraq görülmüş işlər və mövcud vəziyyət barədə qərargaha məlumat verməlidirlər.
İclasda Tovuz Yanğından Mühafizə Xidmətinin rəisi Nürəddin Əsədov, “Aqrolizinq” ASC-nin Tovuz filialının direktoru Afəddin Yusifov, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Afiət Mikayılov, Elektrik şəbəkəsinin rəisi Kəmalə Abdullayeva, Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məhəmməd Tağıyev, Mərkəzi rayon xəstəxanasının baş həkimi Paşa Muradov çıxış edərək yanğın təhlükəsizliyi ilə bağlı müvafiq sahələr üzrə aparılan işlər barədə məlumat verdilər. 
Qərargah iclasını Rayon İcra Hakimiyyətinin başçısı cənab M. Məmmədov yekunlaşdırmışdır.

Keçidlər