Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ kəndində vətəndaşların əhval-ruhiyyəsi yüksəkdir

19 iyun 2019 | 16:00

Rayon İH başçısının növbəti səyyar qəbulu  Çobansıxnaq  kəndində keçirilmişdir.  Tədbirdə rayonun   ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük sosial paketin icrasına başlandığını elan etmişdi. Sosial paketin tərkib hissəsi olaraq minimum əmək haqqı, pensiyalar, əlillərə verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Eyni zamanda Prezidentin Fərmanı ilə problemli krediti olan 800 min nəfərdən çox şəxsə dövlət büdcəsindən kompensasiya ödənilib. Ümumilikdə bu ilin əvvəlində elan olunmuş sosial paket 3 milyon nəfərə yaxın insanı əhatə edib.
Dünən isə Prezident İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində növbəti addım atıb. Belə ki, ölkə prezidentinin imzaladığı 17 sərəncamla minimum əmək haqqı, həmçinin bir sıra dövlət qurumlarında çalışan şəxslərin əmək haqqında kəskin artım edilib. Azərbaycanda minimum aylıq əmək haqqı 180 manatdan 250 manata çatdırılmışdır. Büdcədən maliyyələşən ayrı-ayrı qurumların işçilərinin vəzifə maaşları orta hesabla 40 faiz artırılmışdır.
Eyni zamanda dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əmək haqqı 20 faiz artırılmışdır.
Cənab Prezident hələ mart ayında sosial paketin tərkib hissəsi olan bir sıra fərman və sərəncamlardan sonra bəyan etmişdi ki, bu addımlar davamlı olacaq. Ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində dövlət büdcəsinə böyük miqdarda əlavə vəsaitlərin daxil olduğunu bildirən ölkə rəhbəri bu artımların bütünlüklə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldiləcəyini elan etmişdi. Prezident xüsusilə minimum əmək haqqı və pensiyanın artırılması imkanlarının onun tapşırığı ilə araşdırıldığını və bu istiqamətdə artımların davamlı olacağını qeyd etdmişdi. Göründüyü kimi, üstündən 3 ay keçmiş ölkə prezidenti minimum əmək haqqının əvvəlkindən daha böyük həcmdə artırılmasına dair sərəncam imzaladı. Dünən imzalanan sərəncamlar bir daha ölkə rəhbərliyinin yürütdüyü sosial siyasətin əhalinin bütün təbəqələrinin mənafeyinə xidmət etdiyi göstərir.
Sonra cənab M. Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər,  rayonunun mövcud potesialı və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə məlumat vermişdir. Qeyd etmişdir ki, biz keçən il  bu kənddə  səyyar qəbul-görüş keçirmişik. Həmin qəbulda qaldırılan məsələlərin əksəriyyəti öz həllini tapmış, bəzi məsələlər barədə vətəndaşlara hüquqi izahatlar verilmişdir. Əsas təkliflərdən biri Qovlar-Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi barədə olmuşdur. Bildiyiniz kimi, möhtərəm cənab Prezidentimiz 15 fevral 2019-cu il tarixdə Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Keçən il cənab Prezidentin Sərəncamı ilə Sarıtala kəndində modul tipli məktəb quraşdırılıb istifadəyə verilmişdir. Sarıtala kənd nümayəndəliyinin əhatə etdiyi 6 yaşayış məntəqəsinin qazlaşdırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır. Nümayəndəliyin əhatə etdiyi kəndlərin elektrik təsərrüfatının yenidən qurulması layihəsi təsdiq olunmuşdur. Ərazinin sosial-iqtisadi inkişafı daim diqqət mərkəzində saxlanılır və burada sosial layihələrin icrası bundan sonra da davam etdiriləcəkdir.
Görüş zamanı kənd sakinlərindən bir neçəsi çıxış edərək dövlət başçısı cənab İlham Əliyevə  minnətdarlıqlarını ifadə edərək ölkədə aparılan sosial yönümlü islahatlardan və ərazidə həyata keçirilən layihələrdən məmnun olduqlarını bildirmişlər. Eyni zamanda sakinlər onları narahat edən bir sıra məsələləri dilə gətirmişlər. Müraciət edən kənd sakinləri Talıb Mahmudov, Mais Əsgərov, Hüseyn Kazımov, Rövşən Yəhyayev, Bəxtiyar Həsənov, Əlyar Məmmədov, Arif Ağakişiyev, Fərmayıl Kazımov, Zəminə Kazımova, Şəmistan Məmmədov, Qədim Məmmədov Tovuz-Sarıtala-Haçaqaya  avtomobil yolunun əsaslı təmiri layihəsinə cuzi dəyişikliklərin edilməsi, dağ kəndlərinin qazlaşdırılması, elektrik təsərrüfatının əsaslı təmir olunması, şəhid ailəsi kimi mənzil şəraitinin yaxşılaşdırılması, iş tələbi və ailə-məişət problemləri barədə təklif və tənqidi qeydlər səsləndirmişlər.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər