Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda futbol festivalı keçirilmişdir

10 iyun 2019 | 16:00

Tovuz şəhər mərkəzi stadionunda AFFA-nın təşəbbüsü və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Futbol festivalı" keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, İH başçısı aparatının məsul işçiləri, rayon gənclər və idman idarəsinin kollektivi, tanınmış idmançılar, məşqçi müəllimlər və məktəblilər iştirak etmişlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov qeyd etmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, diqqəti və qayğısı nəticəsində Azərbaycan idmanı yüksək sıçrayışla inkişaf edir. İdmançılarımız dünya arenasında beynəlxalq səviyyəli yarışların qalibi olur, Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. Ölkəmiz ən mötəbər yarışlara ev sahibliyi edir. Bütün bu nailiyyətlər hamımızda qürur hissi yaradır və bizlərə şərəf bəxş edir. Bütün bunlara görə biz  cənab prezidentimizə minnətdarlığımızı bildiririk.
Ölkəmizdə futbolun inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir. Cənab Prezidentimizin Sərəncamları ilə futbolun inkişafına dair qəbul olunmuş Dövlət Proqramları, Futbolun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısı, futbolun kütləviliyinin artırılması sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bunun bariz nümunəsidir. Eyni zamanda futbolumuzun təşəkkülündə və beynəlxalq səviyyədə təmsil olunmasında AFFA-nın yüksək təşkilatçılıq fəaliyyəti danılmazdır. Mən fürsətdən istifadə edərək Tovuz futboluna göstərdiyi dəstəyə görə, həmçinin Tovuzda Futbol Akademiyasının yaradılması barədə qərar qəbul etdiyinə görə AFFA-nın rəhbərliyinə tovuzlular adından ən xoş arzularımı çatdırıram.
Hamımıza məlumdur ki, tovuzlular futbolu çox sevirlər.  Rayonumuzun  özünə məxsus futbol ənənələri vardır. 2014–cü ildə Tovuz futbolunun yaranmasının 100 illiyi tamam olmuşdur. Tovuzlular həmişə ölkə futbolunun inkişafına dəyərli töhfələr vermişlər. Təsadüfi deyildir ki, hazırda ölkəmizin bütün yaş qrupları üzrə milli komandalarında və klublarda Tovuz futbol məktəbinin yetirmələri çıxış edirlər. Komandamız zaman-zaman ölkə çempionatlarında yüksək nəticələr göstərmiş, beynəlxalq turnirlərdə çıxış etmişlər. Biz futbolumuzun tarixi şöhrətini özünə qaytarmaq əzmindəyik.
AFFA-nın təşəbbüsü, dəyərli millət vəkillərimizin dəstəyi ilə  futbol festivalının  Tovuz rayonunda keçirilməsi təsadüfi deyildir.   Tədbirin məqsədi futbolun kütləviliyini təbliğ etmək, yeniyetmə və gənclərin futbola marağını artırmaqdır. Eyni zamanda bu tədbir şagirdlərin gələcəkdə müxtəlif yaş qrupları üzrə futbol bölmələrinə cəlb olunmalarına səbəb olacaqdır. 
Sonda cənab M. Məmmədov belə bir nəcib təşəbbüslə Tovuza təşrif buyurduqlarına görə hörmətli qonaqlara təşəkkürünü bildirmiş və idmançılara uğurlar arzulamışdır.
AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Qənirə xanım Paşayeva və Sabir Hacıyev çıxış edərək cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışmış, Tovuz futbolunun tarixinə nəzər yetirmiş, rayonda futbolun inkişaf perspektivlərinə diqqət çəkmişlər.
Rayonun məktəblərindən dəvət olunmuş idmançı şagirdlərə top və futbol geyimləri hədiyyə olunmuşdur.
İştirakçılar gənc futbolçuların nümunəvi çıxışlarını izləmişlər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişdir.

 

 

Keçidlər