Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmişdir

08 may 2019 | 16:00

Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransı rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq bildirmişdir ki,  Azərbaycan Respublikasının vətəndaşları və bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü  böyük sevinclə qarşılayır. Rayonumuzda da bununla əlaqədar silsilə tədbirlər keçirilir. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Heydər Əliyevin ölkəmizin müstəqilliyinin əbədiləşdirilməsi naminə xalqımız və millətimiz qarşısında əvəzsiz xidmətləri zaman keçdikcə daha aydın görünür.
Böyük Heydər Əliyevin titanik fəaliyyəti sayəsində 1993-2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu, Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Ölkəmizin dünyaya layiqincə inteqrasiyası başlandı.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir.
M. Məmmədov qeyd etmişdir ki, bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət öz qurub-yaratdığı, şah əsəri olan müstəqil respublikamızın taleyini layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində indi müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır. Bir zamanlar "Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini səsləndirəndə sanki dahi lider bu günləri görürdü. İndi həqiqətən, bu gün yaşadığımız ölkə Heydər Əliyevin görmək istədiyi məhz həmin Azərbaycandır. Çünki möhtərəm Prezident İlham Əliyev ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla icra edərək, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib.
Sonra konfransda “Heydər Əliyev və milli - mənəvi dəyərlərimiz” mövzusunda YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov, “Azərbaycanın  şərəf  tarixinin müəllifi” mövzusunda Tovuz dövlət sosial-iqtisad kollecinin direktoru Rizvan  Qənbərov, “Heydər Əliyev hüquqi və demokratik dövlətin yaradıcısıdır” mövzusunda rayon icra hakimiyyəti başçısı aparatının  hüquq şöbəsinin  müdiri  Svetlana  Verdiyeva, “Tarixə işıq salan şəxsiyyət” mövzusunda Tovuz Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirli, “Heydər Əliyev-islahatçı lider” mövzusunda Yeni Azərbaycan Partiyasının veteran  üzvü Qasım Hüseynov məruzələrlə çıxış etmişlər.
Elmi-praktik konfransı rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yekunlaşdıraraq vurğulamışdır ki, müasir dövrdə möhtərəm Prezident İlham Əliyevin apardığı siyasətin məqsədi ölkəmizi daha da gücləndirmək və ilk növbədə Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına nail olmaqdır. Məhz buna görə də mükəmməl işlənib hazırlanmış bütün dövlət proqramlarında sosial məsələlərin həlli nəzərdə tutulur, maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və sosial infrastrukturun yaradılması istiqamətində tədbirlər müəyyənləşdirilir.
Ölkədə indi aparılan islahatlarla bağlı Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Dövlət rəhbərinin müəyyən etdiyi prioritetlərin icrasına ümumxalq dəstəyini hər an izləyirik. Bu gün Azərbaycan xalqı İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, ulu öndərin qoyduğu yolun davamının sübutudur. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir!

Keçidlər