Şriftin ölçüsü :

Saytın rəngi :

Bütün imkanlar hərəkətə gətirilir

05 mart 2019 | 16:00

Həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkəmiz bütün sahələrdə yüksək nailiyyətlər əldə edir. Bu uğurlardan Tovuz rayonuna da kifayət qədər pay düşüb. Dövlət başçısının Tovuza dəfələrlə səfər etməsi, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamlar imzalanması və həmin sərəncamlara uyğun həyata keçirilən tədbirlər rayonun simasını büsbütün dəyişib. Rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi təkcə keçən il əvvəlki ilə nisbətən 5,9 faiz artaraq 414,3 milyon manat olmuşdur.

Qeyri-neft sektorunun aparıcı sahəsi kimi aqrar sektorun inkişafına göstərilən diqqətin nəticəsində 190,7 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.

Təkcə ötən il rayonda 144,4 min ton kartof istehsal olunmuşdur ki, bu da fermerlərə xeyli gəlir gətirmişdir. İstehsal edilən kartofun bir hissəsi istixanalarda yetişdirilmiş və bundan 3,8 milyon manat qazanc götürülmüşdür. Ümumiyyətlə, rayonda kənd təsərrüfatının bütün sahələrində uğurlu göstəricilərə nail olunmuşdur. 1279 hektar sahədə tərəvəz əkilmiş, sahələrdən 26 min 297 ton məhsul götürülmüşdür. O cümlədən, 9906 ton yerkökü istehsal olunmuş və fermerlər bundan 3,5 milyon manat gəlir əldə etmişlər. İqtisadi səmərəliyi ilə yanaşı, əməktutumlu sahə kimi üzümçülüyün inkişafı da diqqətdə saxlanılmışdır. Üzüm bağlarının ümumi sahəsi 725 hektara çatdırılmışdır. Bar verən bağlardan 12 min 96 ton üzüm yığılmışdır. Məhsuldarlıq əvvəlki illərə nisbətən 35 sentner artaraq 202 sentnerə yüksəlmişdir.

Meyvə bağlarının genişləndirilməsi istiqamətində də xeyli iş görülmüşdür. Hazırda rayon ərazisində 1324 hektar meyvə bağı var. Keçən il həmin bağlardan 17,6 min ton məhsul götürülmüşdür ki, bu da əvvəlki ildəkindən 1652 ton çoxdur. Meyvə bağlarında daha çox gəlir götürən torpaq sahibləri bağların sahəsini genişləndirmək üçün tədbirlər görürlər. Son illər Alakol, Düz Qırıqlı, Aşağı Quşçu kəndlərində, eləcə də Qovlar şəhərində meyvə bağlarının genişləndirilməsinə maraq xeyli artıb. Keçən il bu ərazilərdə 12 hektar yeni meyvə bağı salınmışdır.

Rayonda kənd təsərrüfatının ənənəvi sahələri də ildən-ilə inkişaf edir. Məsələn, keçən il 9 ton 781 kiloqram barama istehsal edilmişdir. Bu da əvvəlki ildəkindən 2 min 900 kiloqram çoxdur. Rayonda baramaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu gəlirli sahənin yaxın gələcəkdə daha da genişləndirilməsinə imkan verəcək. Son iki ildə rayonda 26 min tut tingləri əkilmişdir. Ötən il tütünçülükdə də müsbət nəticələr əldə edilmişdir. 50 hektar sahədən 53,3 ton quru tütün tədarük olunmuşdur. Bu, əvvəlki ildəkindən 3,2 ton çoxdur. Fermerlər keçən il, həmçinin 35,5 min ton şəkər çuğunduru istehsal etmişlər. Onu da qeyd edək ki, keçən il şəkər çuğunduru, tütün və barama istehsalına görə istehsalçılara ümumilikdə 191,6 min, bitkiçilik sahəsində çalışan 14,5 min subyektə yanacaq və motor yağlarına görə 1,5 milyon manat subsidiya ödənilmişdir. Bu dövrdə lizinq yolu ilə əhaliyə güzəştli qiymətlərlə 5923 ton mineral gübrələr satılmışdır.

Rayonda heyvandarlıq məhsulları istehsalında da nəzərə çarpacaq dərəcədə artım qeydə alınmışdır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün keçən il fermerlərə 19 baş cins mal-qara satılmış, süni yolla mayalanma yolu ilə 419 baş bala alınmışdır. Hazırda rayonda heyvandarlığın inkişafı istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Rayonda heyvandarlığın daha da inkişaf etdirilməsi məqsədilə 2017-ci ildə 1500 başlıq Aqroparkın tikintisinə başlanılmışdır. Aqroparkın bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Arıçılığın inkişafı sahəsində də uğurlu göstəricilərə nail olunmuşdur. Belə ki, Prezidentin arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncamından sonra rayonda arı ailələrinin sayı əvvəlki illə müqayisədə iki dəfəyədək artmışdır. Nəticədə bal istehsalı dəfələrlə çoxalmış, 9 min arı ailəsinə görə arıçılara 90 min manat subsidiya verilmişdir.

Son illər rayon iqtisadiyyatına sərmayə qoyan iş adamlarının sayı da xeyli artmışdır. Təkcə keçən il biznes fəaliyyəti ilə məşğul olanlar rayonda müxtəlif sahələrə 62,1 milyon manat sərmayə yatırmışlar ki, bu da əvvəlki ildəkində, 91,2 faiz çoxdur. İnvestisiyaların 63,1 faizi dövlət mülkiyyətinə, qalanı qeyri-dövlət sektoruna yatırılmışdır. Nəticədə 1764 yeni iş yeri açılmışdır ki, bunun da 1059-u daimidir.

Ötən il Tovuzçay su anbarı üzərində "Ağdağ” adlanan əraziyə və Yuxarı Öysüzlü kəndinə su verilməsi üçün ikinci pillə nasos stansiyasının quraşdırılması başa çatdırılmış, 12 subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Eləcə də Əlimərdanlı, Xatınlı, Qaraxanlı, Qədirli və Cilovdarlı kəndlərinin su təminatı ilə bağlı görülən işlər yekunlaşmışdır. Tovuz şəhəri əhalisinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində başlanan işlər isə davam edir.

Rayonda yol infrastrukturu da yenilənir. 10 mindən çox əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən 31 kilometrlik Əsrik Cırdaxan-Kirən-Baqqallı kəndlərarası avtomobil yolunun tikintisində son tamamlama işləri görülür. Yolun 19,5 kilometrinə asfalt örtük salınmış, qalan hissəsi isə qum-çınqıl örtüyü ilə təmir olunmuşdur.

Hazırda Qoşa, Qayadibi, Sarıtala, Hacıhəsənli, Qaralar və Şamlıq kəndlərində modul tipli məktəblər quraşdırılır. Qovlar şəhərində isə inteqrasiya təlimli internat tipli gimnaziyanın tədris korpusu əsaslı şəkildə təmir edilmiş, əlavə olaraq bir tədris korpusu və 3 mərtəbəli yataqxana binası tikilərək istifadəyə verilmişdir.

Tovuz rayonu turizm üçün əlverişli imkanlara da malikdir. Bu imkanlardan istifadə etməyə çalışan rayon icra hakimiyyəti hər il turizm mövsümünə ciddi hazırlıq işləri görür. Keçən il həm yerli, həm də xarici turistlərin sayında xeyli artım qeydə alınmışdır. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin birgə reallaşdırdıqları layihəyə uyğun olaraq araşdırma aparılmış, yeni turizm məhsullarının və marşrutlarının yaradılması istiqamətində dəstək xarakterli təlim proqramlarına başlanılmışdır. Yaxın vaxtlarda rayonda turizm sektorunun inkişafına kömək məqsədilə bu sahədə çalışacaq nümayəndələrin seçilərək təlim keçmək üçün Avropa ölkələrinin birinə göndərilməsi nəzərdə tutulur.

 

http://www.azerbaijan-news.az/view-163909/B%C3%BCt%C3%BCn-imkanlar-h%C9%99r%C9%99k%C9%99t%C9%99-g%C9%99tirilir

Sabir ƏLİYEV,

"Azərbaycan”

Keçidlər