Şriftin ölçüsü :

Saytın rəngi :

Hər sahədə uğur var

05 dekabr 2018 | 16:00

Havalar sərin keçsə də, tovuzlular hər gün sahələrə çıxır, məhsulu son dənəsinədək yığmaq üçün əllərindən gələni əsirgəmirlər. Taxıl yığımından sonra növbəti ilin bol məhsulu üçün yer şumlayan, taxılsəpən traktorların səsi ətrafa səs salır. Tərəvəz sahələrində, üzüm bağlarında izdiham hiss olunur.

Rayon icra hakimiyyətində dedilər ki, artıq mövsüm başa çatmaq üzrədir. Buna baxmayaraq, təsərrüfat sahibləri yorulmaq bilmədən çalışır, gələn ilin bol məhsulu üçün hazırlıq görürlər. Bu günlərdə qarşıda duran vəzifələrlə bağlı icra hakimiyyətində yığıncaq da keçirildi. Görülən işlər, qazanılan uğurlar təhlil edildi, qarşıda duran vəzifələr müəyyənləşdirildi.

Cari ilin ötən aylarında 164 milyon 583 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub. 36 min 484 hektar sahədən yığılan məhsulun 65 min 798 tonunu dənli bitkilər, 3 min 200 tonunu qarğıdalı, 141 min 477 tonunu kartof, 25 min 19 tonunu tərəvəz, 574 tonunu bostan bitkiləri, 18 min tonunu şəkər çuğunduru, 9 min 874 tonunu meyvə və giləmeyvə təşkil etmişdir. Dənli bitkilərin məhsuldarlığı keçən illə müqayisədə artaraq 32,1 sentnerə çatmışdır.

Rayonda kənd təsərrüfatı məhsulları istehsalında istixanalar da mühüm rol oynayır. İstixana sahibləri yetişdirilmiş məhsulun satışından 3 milyon 813 min manat, yerkökü istehsalından 3 milyon 500 min manat gəlir əldə etmişlər.

Son illər fermerlər üzümçülüyün inkişaf etdirilməsinə də böyük maraq göstərirlər. Bunun da nəticəsində üzüm bağlarının ümumi sahəsi 725 hektara çatdırılmışdır.

Təsərrüfat sahibləri daha məhsuldar üzüm sortlarının əkininə üstünlük vermişlər. Həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini vermiş, təkcə bu il bağbanlar 7 min 375 ton məhsul yığmışlar ki, bu da ötən illə müqayisədə 1094 ton çoxdur. Bu, son rəqəm deyil. Bağlarda məhsul yığımı davam edir.

Ənənəvi sahələrdən olan baramaçılığın inkişafina da diqqət artırılmışdır. 2016-cı ildə rayon üzrə 1 ton 560 kiloqram, 2017-ci ildə 6 ton 870 kiloqram barama təhvil verən kümçülər cari ildə bu rəqəmi 9 ton 781 kiloqrama çatdırmışlar. Baramaçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, növbəti illərdə Tovuzda daha çox barama istehsal olunacaq.

İqtisadi cəhətdən səmərəli olan tütünçülük də ildən-ilə inkişaf etdirilir. Bu il 50 hektar sahədə tütün əkən fermerlər bu işə 200 rayon sakinini cəlb etmişlər. Artıq yarpaq dərimi başa çatmaq üzrədir. Yığılan tütün qurudulduqdan sonra tədarük məntəqələrinə göndərilir.

Cari ilin ötən dövrü ərzində heyvandarların da uğurları çox olub. 6 min 478 ton ət, 30 min 24 ton süd, 15 milyon 280 min yumurta istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövründəkindən çoxdur. Heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində başlanan işlər davam etdirilir. Belə ki, heyvandarlıq istiqamətli Aqroparkın tikintisi başa çatmaq üzrədir. Aqropark istifadəyə verildikdən sonra burada 100 nəfər işlə təmin olunacaq.

Məlum olduğu kimi, bol su, bol məhsul deməkdir. Odur ki, əkin sahələrinin suvarma suyu ilə təminatı daim diqqətdə saxlanılır. Hazırda "Ağdağ” adlanan əraziyə və Yuxarı Öysüzlü kəndinin əkin sahələrinə suyun verilməsi üçün ikinci pillə nasos stansiyasında quraşdırma işləri davam etdirilir. Tovuzçay su anbarı üzərində nasos stansiyasının quraşdırılması isə başa çatdırılmışdır. Bundan başqa, qazılmaqda olan 12 subartezian quyusunda son tamamlama işləri görülür.

İqtisadiyyata özəl sərmayənin cəlb olunması da əsas hədəflərdəndir. Göstərilən diqqət və qayğının nəticəsində cari ilin ötən dövründə rayon iqtisadiyyatına 32 milyon 523 min manat investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən iki dəfə çoxdur. İnvestisiyaların 11 milyon 701 min manatı qeyri-dövlət sektoruna yatırılmışdır.

Rayonun yol infrastrukturunda başlanan yenilənmə sakinlərin rahatlığını təmin etməklə yanaşı, kənd və qəsəbələrin iqtisadiyyatına müsbət təsir göstərmişdir. Ölkə rəhbərinin müvafiq sərəncamı ilə 10 mindən çox əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Əsrik-Cırdaxan-Kirən-Saladınlı kənd avtomobil yolunun tikintisi davam etdirilir. Artıq yolun 20 kilometrədək hissəsinə asfalt örtük salınmışdır. Həmin layihə çərçivəsində 4,5 kilometr uzunluğunda Molla Ayrım-Yanıqlı və 8 kilometr uzunluğunda Baqqallı-Saladınlı-Çataq kəndlərarası yolların hamarlanmasına, qum-çınqıl örtüyü salınmasına və təmir işlərinə başlanılmışdır.

İlin arxada qalan ayları rayonda müxtəlif ərazilərdə aparılan tikinti-abadlıq işləri ilə də yaddaqalan olmuşdur. Tovuz şəhərinin Həzi Aslanov küçəsində və Heydər Əliyev prospektində səkilərə tamet, yola beton daşlar düzülmüş, beş küçəyə asfalt salınmışdır. Qovlar şəhərinin Vağzal küçəsində səkilərə bordürlər düzülmüş, asfalt örtük salınmış, "Dostluq” parkında abadlıq işləri görülmüşdür. Rayonda çoxmənzilli binaların təmiri davam etdirilmişdir.

Tikinti-quruculuq işləri çərçivəsində rayonun ümumtəhsil müəssisələrinin də yenilənməsi istiqamətində xeyli iş görülmüşdür. Atbulaq kənd orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Hazırda Qoşa, Qayadibi, Sarıtala, Hacıhəsənli, Qaralar və Şamlıq kəndlərində modul tipli məktəblər quraşdırılır. Qovlar şəhər internat məktəbində aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Qovlar şəhərindəki 2 saylı körpələr evi-uşaq bağçasının tikintisi aparılır. Alakol kəndində 760 yerlik yeni məktəb binasının inşasına başlanılmışdır. Tarix-diyarşünaslıq və Bayraq muzeylərinin tikintisində isə son tamamlama işləri görülür.


Sabir ƏLİYEV,

"Azərbaycan”

Keçidlər