Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində Tovuzlu məktəblilər Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola salınıblar

18 noyabr 2018 | 16:00

Tovuz şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin məsul işçilərinin, təhsil şöbəsinin əməkdaşlarının, müəllimlərin və valideynlərin iştirakı ilə təhsildə fərqlənən bir qrup məktəblinin “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala rayonlarına təntənəli yolasalma mərasimi keçirilmişdir.
Tovuz rayonunun ümumtəhsil məktəblərindən öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər 9-11-ci sinif şagirdləri və onları müşayiət edən 5 bələdçi dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səyahət edəcək, rayonların tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.
Məktəblilər ilk öncə Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoymuşlar. Sonra Heydər Əliyev Mərkəzinə gedərək dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə bir daha tanış olmuşlar.
Yolasalma mərasimində çıxış edən Tovuz rayon İcra hakimiyyəti başçısı Məmməd Məmmədov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışmış, tur-aksiya iştirakçılarına öz tövsiyələrini vermiş və onlara yaxşı yol arzulamışdır.
Xatirə şəkilləri çəkdirdikdən sonra rayonun mədəniyyət mərkəzinin rəqs qrupu iştirakçılar qarşısında rəqs nömrələri ilə çıxış etmiş və musiqi sədaları altında tur-aksiya iştirakçıları Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola salınmışdır.

Keçidlər