Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun dağ kəndlərinin sakinləri ilə görüş keçirilmişdir

28 sentyabr 2018 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun dağ kəndləri olan Qaradaş və Göyəbaxan kənd sakinlərinin iştirakı ilə Qaradaş kəndində keçirilmişdir. Səyyar qəbul-görüşdə Qaradaş, Qayadibi, Qonaqlı və Göyəbaxan kəndlərinin sakinləri,  ayrı-ayrı xidmət sahələrinin rəhbərləri,yerli qurumların nümayəndələri iştirak etmişlər.

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açmış və ölkəmizdə ucqar dağ kəndlərinə  göstərilən dövlət qayğısından, son zamanlar həyata keçirilən layihələrdən və bundan sonra icrası nəzərdə tutulan işlərdən danışmışdır.

Cənab M.Məmmədov qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin əbədiyaşar siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev  tərəfindən çox böyük məharətlə davam etdirilir. Uğurlarımızı saymaqla qurtarmaq olmaz. İndi Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində olan ölkələrindən biridir. 26 sentyabr tarixində  cənab Prezidentin “Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı Azərbaycan xalqına müraciəti hər birimizə çox böyük qürur verir. Azərbaycan artıq kosmik ölkələr sırasındadır.
Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. “Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək.
İlk öncə Qaradaş kəndində görülən işlərlə bağlı yerli icra nümayəndəsinin və aidiyyatı xidmət təşkilatlarının rəhbərlərinin məlumatları dinlənilmişdir.
Bundan sonra Qaradaş və  Göyəbaxan kənd sakinləri son vaxtlar dağ kəndlərində icra olunan layihələrdən razılıqlarını və buna görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək bölgənin sosial-iqtisadi inkişafı və şəxsi problemləri ilə bağlı bir sıra məsələləri dilə gətirmişlər. Göyəbaxan kənd sakinləri kəndarası yolların cari təmir olunması, Göyəbaxan kəndində modul tipli məktəb tikilməsi, feldşer-mama məntəqəsinin açılması, Qaradaş kənd sakinləri dağ kəndlərində elektrik təsərrüfatının qaydaya salınması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi, yeni inşa olunmuş kənd məktəbinə istilik sistemlərinin işə salınması üçün təbii qaz verilməsi, kənddəki həkim məntəqəsinin fəaliyyətinin bərpa olunması, və digər sosial məsələlərlə  bağlı təkliflər səsləndirmişdir.
Sakinlərdən bir qrupu öz şəxsi problemləri ilə bağlı RİH başçısına müraciət etmişlər.Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmiş, onların qanuna uyğun qaydada mərhələlərlə həll olunacağı vətəndaşlara bildirilmişdir.


 

Keçidlər