Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda dağ kəndinə yeni yol çəkilir, turizm inkişaf edəcəkdir

27 sentyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncam və göstərişlərinə uyğun olaraq regionların inkişafı Dövlət Proqramlarının icrası çərçivəsində əsas diqqət kənd və qəsəbələri birləşdirən yolların yenidən qurmasına yönəldilmişdir. Həmin işlərin icrası çərçivəsində Tovuz rayonunun dağlıq zonada yerləşən Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun yenidən qurulması başa çatdırılmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisi aparılan həmin yolun 20 kilometrinə asfalt-beton örtük salınmışdır. Yolun eni 4-6 metr arasında dəyişir. Yeni salınmış yol boyu küvetlər açılmış, suötürücü qurğular və su keçidləri salınmışdır.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yeni salınmış dağ yolunda görülmüş işlərlə tanış olmuş, həmin layihənin davamı olaraq Yanıqlı kəndini birləşdirən hissədə tikinti, hamarlama və genişləndirmə işlərinin gedişi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, layihədə nəzərdə tutulan asfalt örtük salınması qrafikə uyğun başa çatmışdır və yol tikintisində digər işlər texnoloji ardıcıllıqla davam etdirilir.
İş üstündə aparılan söhbətlərdə o da vurğulanmışdır ki, bu yolun istifadəyə verilməsi nəticəsində 8 min nəfərdən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi ilə və digər kəndlərlə etibarlı nəqliyyat əlaqəsi daha da yaxşılaşacaqdır. Azərbaycan dövlətinin qayğısı sayəsində unikal mənzərələri və balneoloji amilləri ilə fərqlənən Tovuzun bu əsrarəngiz guşəsi bölgədə turizmin inkişafına böyük təkan verəcəkdir.
Əsrik dağ çayından keçməklə başlayan bu yeni salınmış Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun Hacıhəsənli kəndinədək olan hissəsi şəhər magistrallarından heç də geri qalmır. Çətin relyef şəraitində tikilmiş həmin yolda indi meqopolislərdə rast gəlinən müasir avtomobillər şütüyür.

 

Keçidlər