Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda təhsil işçilərinin Sentyabr konfransı keçirilib

12 sentyabr 2018 | 16:00

Tovuz rayon  mədəniyyət evində rayonun təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş və xatirəsi ehtiramla yad edilmişdir.
Konfransı giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab M. Məmmədov açmış, rayonun təhsil ictimaiyyətini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmişdir.
Rayon təhsil şöbəsinin müdiri Validə Hüseynova “2017/2018-ciı dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə ilə çıxış etmişdir. Məruzədə təhsil sahəsində əldə olunan uğurlar, yol verilən nöqsanlar və qarşıda duran vəzifələr barədə geniş məlumat verilmişdir.  Qeyd olunmuşdur ki, hesabat ilində rayonda 84 ümumtəhsil, o cümlədən 64 tam orta, 17 ümumi orta və 3 ibtidai məktəb fəaliyyət göstərmişdir. Ümumilikdə 1396 komlektləşdirilmiş sinifdə 24076 nəfər şagirdin təlim və tərbiyəsi ilə 3497 nəfər pedoqoji işçi  məşğul olmuşdur. 61 məktəbəhazırlıq qrupuna 1072 nəfər uşaq cəlb edilmişdir. Dərs ilinin yekununda 1649 nəfər ümumi orta, 1362 nəfər tam orta təhsil haqqında attestat  almışdır.
Bu il məzunlardan ali məktəblərə qəbul üçün 1019 nəfər sənəd vermiş, onlardan 477 nəfəri ali, 36 nəfəri isə ali hərbi məktəblərə  qəbul olmuşdur. 154 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşdur. 2018-ci ildə məzunlardan 41 nəfəri 600-dən yuxarı, o cümlədən 24 nəfəri 650-dən yuxarı bal toplamışdır.
Müzakirələrdə Nürəddin Sadıqov adına Alakol kənd tam orta məktəbinin məzunu Ayxan Əhmədov, A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbinin riyaziyyat müəllimi Sevda Abbaszadə, Z.Yusifov adına Bayramlı kənd tam orta məktəbinin direktoru Ramiz Məmmədov, Y.Sadıqov adına Bozalqanlı kənd tam  orta məktəbinin xarici dil müəllimi Vüsalə Əhmədova, Məşədilər kənd tam orta məktəbinin biologiya müəllimi Cəmalə İsgəndərova, E.Tağıyev adına Cəlilli kənd tam orta məktəbinin direktor müavini Malik Abbasov, İH başçısının Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamil İbrahimov çıxış etmiş və təhsilə göstərilən yüksək dövlət qayğısına  görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Sonra söz Təhsil İnstitutu Təhsilin İdarəolunması şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Piralı Əliyevə verilmiş və o öz çıxışında nazirliyin qarşıya qoyduğu vəzifə, tələb və tövsiyələrdən söz açmış, təhsilin inkişafı sahəsində rayonda görülən işləri təhlil etmişdir.
Konfransda rayon icra hakimiyyətinin başçısı cənab M. Məmmədov çıxış edərək ölkəmizdə təhsil sahəsinin inkişafı, həyata keçirilən islahatlar və əldə olunan uğurlar barədə məlumat vermiş, müstəqil  Azərbaycan təhsilinin təşəkkülünün və inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci-vitse prezident Mehriban xanım Əliyeva təhsilə, gənc nəslin hərtərəfli yetişdirilməsinə daim böyük qayğı göstərirlər. Dövlət başçısının müntəzəm dəstəyinin nəticəsi olaraq, yeni məktəblərin inşası, o cümlədən ucqar yaşayış məntəqələrindəki yararsız vəziyyətə düşmüş məktəblər üçün modul tipli binaların quraşdırılması, eləcə də ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi bütövlükdə təlim-tərbiyə şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Təkcə belə bir faktın özü özlüyündə çox şey deyir ki, təhsillə bağlı 10-dan artıq Dövlət Proqramları qəbul olunmuşdur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” uğurla icra olunur. Cənab M. Məmmədov rayonun məktəblərində yeni dərs ilinə hazırlığın vəziyyətini ətraflı təhlil etmiş, bu sahədə mövcud olan çatışmazlıqlardan danışmış və bir sıra tənqidi qeyd və təkliflər səsləndirmişdir.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət ünvanlanmışdır.
Sonda bu il qəbul imtahanlarında yüksək nəticə göstərən bir qrup gəncə Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr verilmişdir.

Rayon müəllimlərinin bu bayramı daha bir əlamətdar hadisə ilə yadda qalmışdır:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2018/2019-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş və Prezident təqaüdü verilmiş gənclərin sırasında Tovuz təhsilinin yetirməsi də vardır. Nürəddin Sadıqov adına Alakol kənd tam orta məktəbinin məzunu, 692 balla Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş Ayxan Əhmədov Prezident təqaüdü ilə təltif edilmişdir.
Ayxan Əhmədovu təbrik edirik!

 

Keçidlər