Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz: davamlı inkişaf yolunda

05 yanvar 2018 | 16:00

Tovuz rayonu əlverişli iqlimi və münbit torpağı, son dövrlərdə yüksək inkişaf tempinə malik olan, respublikanın qərb bölgəsində yerləşən böyük rayonlardan biridir. Rayonun coğrafi yerləşməsində dağlıq, dağətəyi və düzənlik relyef mövcuddur. Tovuzda davamlı olaraq irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi ilə yanaşı aqrar sahədə əldə olunan nailiyyətlər ildən-ilə yüksələn dinamika ilə inkişaf edir. Bununla yanaşı rayonun iqtisadiyyatda ən gəlirli xidmət sahələrindən sayılan turizm potensialı böyükdür. Respublika prezidenti cənab İlham Əliyevin aqrar sahənin, turizmin, eləcə də, sahibkarlığın inkişafı ilə bağlı imzaladığı sərəncam və tapşırıqlar rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilir.
Tovuz unikal bölgələrimizdən biridir. Ölkəmizdə mövcud olan müxtəlif iqlim tiplərinin əksəriyyətinə bu rayonda rast gəlinir. Mövcud potensialdan səmərəli şəkildə istifadə olunması, sahibkarlığın inkişafı üçün rayonda münbit şərait yaradılmışdır. Tovuzda heç yerdə analoqu olmayan, xarici və daxili turistlərin böyük marağına səbəb ola biləcək məkanlar kifayət qədərdir. Rayonun 34000 hektar cürbəcür ağacları və bitkilari olan meşəlik əraziləri var. Bölgədə əsas mənbəyini yüksək dağlardan götürən 4 gursulu dağ çayı mövcuddur. Bunlar Zəyəmçay, Əsrikçay, Axıncaçay və Tovuzçaydır və bu çayların bütün yatağı boyunca füsunkar təbiət izləyir. Ölkəmizin ən böyük çayı olan Kür isə rayonun aran hissəsindən keçir. Dağlıq ərazilərdə 300-dən artıq bulaq var ki, onların da əksəriyyətinin kimyəvi tərkibi müxtəlif səmərəli minerallarla zəngindir. Bu bulaqlardan Cökəli, Şərifli, Şırşır, Ağdaşlı, Qiblə bulaqları daha çox tanınmışlarıdır. Hər il yay mövsümündə bu bölgəyə yüzlərlə turist gəlir və ildən ilə turistlərin sayında artım müşahidə olunur. Dağ çaylarında əsasən forel balıqların bir növü, qarabalıq, çanar-dağ qızılbalıqları və sair növ balıqlar var. Rayonun məşhur Əsrik dərəsi füsunkar gözəlliyə və cəzbedici təbiəti olan bir məkandır. Hələ bir əsr bundan əvvəl Əsrik dərəsində turizm zonası yaradılmışdır. Burada mövsümi istirahət mərkəzləri, “Turist”, “Maralbulağı”, “Yurd yeri”, “Şəfa suyu”, “Əsgər bulağı”, “Loğman”, “Fındıqlı” və başqa ailəvi istirahət mərkəzləri fəaliyyət göstərir. Tovuzda eko-turizmin inkişaf etdirilməsi üçün real imkanlar mövcuddur. Rayonun Kirən və Çataq inzibati ərazi vahidlərindəki yaşayış məntəqələrinə turistlər böyük maraq göstərirlər. Ümumiyyətlə, rayonun təxminən 80 kəndində eko-turizmin nkişafı üçün münbit şərait vardır. Bu bölgədə yalnız ekoloji təmiz, orqanik ərzaq məhsulları istifadə edilir. Tovuzda tarixi turizm də gündən-günə cəlbedici olur. Rayondakı tarixi abidələrdən Sultan körpüsü, Koroğlu qalası, Torpaq qalası, Avaztəpə qalası daxili və xarici tursitlərin baş çəkdiyi yerlərdəndir. Həmçinin rayondakı dini turizm abidələri olan Haçaqaya ziyarətgahı, Çinarlı piri, Qəribseyid ziyarətgahı, Aldədə ziyarətgahı, eləcə də Yanıqlı kəndində yerləşən, 16-cı əsrə aid həyətində içməli şəfaf su quyusu olan Şah Abbas məsçidi əsasən ölkədaxili inanclıların sıx-sıx ziyarət etdiyi məkanlardandır. Rayondakı füsunkar təbiət, yaradılmış şəffaf sahibkarlıq mühiti gündən-günə turizm sahəsinə maraq göstərən sahibkarların rayona cəlb olunmasına zəmin yaradıb. Son dövrlərdə müasir standartlara cavab verən ən müasir turizm-rekreasiya müəssisələri, hotellər, tikilb istifadəyə verilmişdir. Şəhərin girişində Tovuzçayın sahilində beşulduzlu “Ayan Palace” hoteli bu kateqoriyadan olan müəssisələrin qabaqcıllarındandır.  Həmçinin Əhmədabad kənd ərazisindəki “Su səsi” istirahət mərkəzi də qonaqların sevimli yerlərindəndir. Burda turistlərin mənalı istirahəti üçün bütün zəruri şərait yaradılmışdır. Hazırda rayonda eyni vaxtda 200-ə yaxın turisti qəbul edəcək otel təsərrüfatları və bilavasitə turist məkanlarında turistlərin qəbulu üçün hazırlanmış 100-dək fərdi evlər vardır.
Müxtəlif iqlim tiplərinin Tovuz ərazisində bir-birini əvəzləməsi turizmlə yanaşı aqrar sektorun da müxtəlif sahələrinin inkişafına şərait yaratmışdır. Hal-hazırda rayonda əkin dövriyyəsindən kənarda torpaq sahəsi qalmamışdır. Əkinçiliyin və heyvandarlığın daha da bol məhsuldarlığın əldə edilməsi sirr deyil ki, intensiv təsərrüfat şəraitində mümkündür. Dövlətin yaratdığı şəraitin və rayon rəhbərliyinin səmərəli idarəçiliyinin nəticəsində tovuzda məhsuldarlıq artmaqdadır. Tikintisinə 1986-cı ildə başlanılan, ancaq, maliyyə çatışmazlığı ucbatından 1992-ci ildə tikintisi dayandırılan, və təkrarən ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2006-cı ildə tikintisinə başlanılıb 2016-cı ildə hazır olan və cənab prezidentin iştirakı ilə açılışı gerçəkləşən “Tovuzçay su anbarı” rayonda kənd təsərrüfatının inkişafına çox böyük təkan vermişdir. Ağdağ ərazisini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədilə Tovuzçay su anbarı üzərində nasos stansiyası quraşdırılmış, hal-hazırda Ağdağ adlanan əraziyə və yuxarı Öysüzlü kəndinin sahələrinə suyun verilməsi üçün 2 pilləli nasos stansiyasında quraşdırma işləri başa çatmışdır. Habelə, 2017-ci ildə torpaqların su təminatı ilə yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi ilə əlaqədar subartezian quyuları ilə 15825 kv/saat enerji sərf etməklə 39460 m3/saat su çıxarılıb. Çıxarılmış su ilə 6924 hektardan çox əkin sahəsi suvarılmışdır. 159 ədəd subartezian quyusunda əsaslı, 42-sində cari təmir işləri aparılmışdır. Rayon üzrə əkin sahələrinin suvarma suyuna olan tələbatın yaxşılaşdırılması üçün 6 ədəd subartezian quyusu qazılması nəzərdə tutulub. Müvafiq olaraq Qovlar şəhərində 2 ədəd, Əyyublu kəndində 1 ədəd, Dönük Qırıqlı kəndində 1 ədəd, Alakol kəndində 1 ədəd, Qədirli kəndində 1 ədəd subartezian quyularının qazılması nəzərdə tutulmuşdur. Hal-hazırda Qovlar şəhəri və Dönük Qırıqlı kəndində subartezian quyusunda qazma işləri aparılır. Rayonda sahələrin su təminatının yaxşılaşdırılması üçün irriqasiya işlərinin həyata keçirilməsi istiqamətində işlər 2017-ci ilin 3-cü rübündə də davam etdirilmişdir. 2017-ci ilin 3-cü rübündə maşın-mexanizmlərlə arx və su kanallarında 249000 m3 lildən təmizləmə işləri aparılmış, 3,6 kilometr boru kəmərində cari təmir işləri yerinə yetirilmişdir. 51 ədəd hidrotexniki qurğu, 18 ədəd hidrometrik post təmir olunmuş, 4 ədəd nasos stansiyasının binasında cari təmir işləri aparılmışdır. 4 ədəd elektrik mühərriki, 3 ədəd nasos aqreqatı təmir olunmuşdur. Ölkə prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən ərzaq təhlükəsizliyin təminin təşkili və yerli kənd təsərrrüfatı istehsalçılarının təşviq edilməsi məqsədilə ölkənin bir çox yerlərində olduğu kimi, Tovuzda da aqroparkın tikintisi davam etdirilir. Ceyrançöl qışlağında 550 hektar sahə ayrılmış və orada yem bitkiləri əkilməsi üçün  işlərə başlanmışdır. Həmin ərazidə 1000 başlıq heyvandarlıq kompleksinin tikintisinə hazırlıq görülür. Hazırda ərazinin infrastrukturu qurulur. Tovuzda soyuducu anbarların sayının artırılması da rayon rəhbərliyinin diqqətindədir. 2017-ci ildə fermerlər tərəfindən lizinq yolu ilə 19 yeni traktor alınmış və lizinq yolu ilə alınmış əkin traktorlarının sayı 122 ədədə çatdırılmışdır. Keçən ildən rayonda kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsinə başlanılmışdır. Cari ildə   6 min 870 kiloqram barama tədarük edilmişdir ki, bu da keçən ilə nisbətən 4,4   dəfə artım deməkdir. Baramaçılara dövlət qayğısı olaraq 32 min 881 manat subsidiya verilmişdir. Gələn il üçün hədəf barama istehsalını 10 tona çatırmaqdır. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün lazımi dövlət dəstəyi vardır və indi də həm xaricdən gətirilmiş tut tinglərinin əkilməsi, həm də yerli tut ağaclarının sahələrinin genişlənirilməsi davam edir. Bu il tütün əkini sahələri əvvəlki ilə nisbətən 2,5 dəfə artırılaraq 50 hektara çatdırılmışdır. Tütünçülük sahəsində 200 nəfərdən çox mövsümi işçi qüvvəsi çalışır və bu rəqəm tütünçülüyün inkişafı ilə əlaqədar artacaqdır. Torpaqlardan səmərəli istifadə olunması istiqamətində görülən tədbirlər nəticəsində bu il demək olar ki, bütün məhsul növləri üzrə məhsuldarlıq ötən illə müqayisədə xeyli artmışdır.  O cümlədən, məhsuldarlıq dən üçün günəbaxanda 55,8 faiz, şəkər çuğundurunda 11,9 faiz, kartofda 5,6 faiz, tərəvəzdə 1,7 faiz, dən üçün qarğıdalıda  0,2 faiz çox olmuşdur.  Keçən ilin müvafiq dövrü ilə müqayisədə payızlıq və yazlıq dənli bitkilərin məhsuldarlığında 97,9 faiz, şəkər çuğundurunun məhsuldarlığında 2,8 dəfə, tütündə 12,5 dəfə artım müşahidə edilmişdir. Həmçinin ət, süd, yumurta və yun istehsalında da artım qeydə alınmışdır. İstehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması istiqamətində lazımi işlər aparılır.  2018-ci ilin məhsulu üçün 19680 hektar sahədə payızlıq bitiklərin səpini aparılmışdır ki, bundan18639 hektarında buğda, 1041 hektarında isə arpa səpinidir. Aqrar sektorda gəlirli sahə sayılan üzümçülük Tovuz rayonunda tarixən yüksək təşəkkül tapmışdır. Bu baxımdan ildən-ilə bu məhsuldar bitkinin sahəsi və məhsuldarlığı artırılır. Belə ki, 2016-cı ildə 9870 hektar üzüm bağı olduğu halda, 2017-ci ildə bu rəqəm 9920 hektara çatdırılmışdır. Müasir dövrdə fermerlər üzüm bağlarının genişləndirilməsi ilə yanaşı daha çox mütərəqqi üsullar hesabına məhsuldarlığın artırılması ilə maraqlanırlar. İl ərzində xarici bazarlara 15 milyon 540 min manat dəyərində 31 min 620 ton məhsul göndərilmişdir və proses davam edir. O cümlədən 3 min 800 ton pomidor-xiyar, 6 min ton yer kökü, 20 min ton kartof, 1500 ton soğan, 320 ton meyvə ixrac edilmişdir.  Rayonun aqrar sahədə ixrac etdiyi əsas məhsullardan biri də bostançılıq və tərəvəzçilik məhsullarıdır ki, bunun da inkişafında istixanaların rolu əvəzsizdir. Hazırda 44 hektar sahədə istixana mövcuddur. Bunları 100 hektara çatdırmaq üçün investorlarla iş aparılır. İlin əvvəlindən bəri 3 yeni istixana kompleksi tikilmiş, Abulbəyli və Aşağı Quşçu kəndlərində isə 2-nin tikintisi davam etdirilir. Bu istixanalarda yetişdirilən rəqabətədavamlı məhsullar qablaşdırılaraq “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac edilir. Bu isə ölkəyə valyuta axınına zəmin yaradır.
Tovuzda istər turizm, istər aqrar, istərsə də digər sahələrin inkişafı birbaşa rayonun yeniləşmiş infrastrukturu ilə əlaqədardır. Son illər rayonda dövlət başçısının müvafiq sərəncamları əsasında yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. İlin əvvəlindən Qovlar-Əyyublu- Alakol- İbrahimhacılı-Qoçdərə-Çobansıxnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun Qovlar-Əyyublu-Alakol hissəsində yenidən qurma işləri tamamlanmış, qalan hissəsində işlər davam etdirilir. Bu günlərdə Yuxarı Öysüzlü-Vahidli-Ağdam, Əlibəyli-Hacallı, Əsrik Cırdaxan-Kirən-Baqallı kəndlərarası yolların əsaslı təmirinə başlanması nəzərdə tutulur. Yaxın gələcəkdə rayon ərazisində olan bütün kəndlərarası yolların asfaltlaşdırılmasını planlaşdırılır. Rayon üzrə qazlaşmanın səviyyəsi 85 faiz təşkil edir. Dağlıq ərazilərdə yerləşən 48 yaşayış məntəqəsində qazlaşma işlərinin aparılması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılmışdır və bu iş mərhələli qaydada öz həllini tapacaqdır. Digər infrastruktur layihələri də icra edilir, elektrik təsərrüfatı yenilənir. Tovuz əhalisinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün bütün zəruri tədbirlər görülmüşdür. Rayon mərkəzindən ən uzaq məsafədə, eləcə də, cəbhəyanı yaşayış məntəqələrində bu işlər daha mütəşəkkil həyata keçirilir. Tovuz rayonunun 92 yaşayış məntəqəsində 39738 abonentə, o cümlədən 37422 məişət abonentinə xidmət göstərilir. Son 3 ay ərzində Tovuz Elektrik Şəbəkəsinin ərazisində istismar sahəsində istismara yararsız 36 ədəd 0.4 kilovoltluq, 9 ədəd 10 kilovoltluq dəmir boru dayaqlarla dəyişdirilib. Tovuzun Ağdam kəndində şəbəkənin yenidən qurulması üçün 6 kilovoltluq Ağdam hava xəttində 100 ədəd 0,4 kilovoltluq xəttində isə 20 ədəd metal boru dayaqlar quraşdırılmışdır. Əlimərdanlı kəndində 819 abonentə xidmət edən 0,4 kilovoltluq şəbəkənin dəmir boru dayaqlarla SİP kabelə keçilməsi artıq başa çatmaq üzrədir. Köhnəlmiş 5 ədəd güc transformatoru yenisi ilə əvəzlənmişdir. 35 kilovoltluq Əhmədabad hava xəttində böyük qışlaq qol ayrımına 1 ədəd 35 kilovoltluq yağ açarı quraşdırılmışdır. Bütün bunlarla yanaşı enerji satış sahəsində son 3 ayda dəyəri 2556447 manat olan 30991639 kvts enerji oxunmuşdur ki, bunun da əsasında 2662570 manat vəsait toplanmışdır. Rayon ərazisində qazlaşma və yol təsərrüfatının və bütövlükdə infrastrukturun müasirləşdirilməsi işləri sürətlə davam etdirilir.
Əvvəllər Tovuz sadəcə aqrar və aqrar-sənaye rayonu olsa da, müasir dövrümüzdə xidmət sahələrinin ən gəlirlisi hesab edilən turizm də rayonun simasılarından birinə çevrilməkdədir. Yekun nəticə budur ki, Tovuz 2017-ci ili uğurla yola salaraq 2018-ci ildə yeni nailiyyətlər əldə etmək əzmindədir.

Vəli VƏLİYEV
“Respublika”

Keçidlər