Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda möhtəşəm konsert və atəşfəşanlıq olub

01 yanvar 2022 | 16:00

Azərbaycanlılar üçün əziz bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Tovuz  rayonunda da böyük  təntənə ilə qeyd olunub.

Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə 31 dekabr tarixində Heydər Əliyev Meydanında rayon mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert proqramı təşkil olunub.

Konsert proqramından əvvəl çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tovuzluları və rayonumuzun qonaqlarını ürəkdən təbrik edib, hər kəsə möhkəm cansağlığı, şəxsi həyatlarında və fəaliyyətlərində uğurlar arzulayıb.

İcra başçısı qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində  dövlətimizin iqtisadi dayaqları formalaşdırılaraq, müstəqilliyimiz əbədi və dönməz  olmuşdur. Xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına Ulu Öndər əvəzsiz töhfələr bəxş etmişdir. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində müasir və müstəqil Azərbaycan ayrı-ayrı ölkələrdə məskunlaşan soydaşlarımızın milli iftixar, mənəvi dayaq və güvənc yerinə çevrilib.

Bu gün bütün dünya azərbaycanlılarının qürur ünvanı olan  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqımızın xoşbəxt gələcəyi naminə misilsiz işlər görülür, dövlətçiliyimizin daha da inkişaf etdirilməsi istiqamətində məqsədyönlü islahatlar həyata keçirilir. 2021-ci il təkcə işğaldan azad edilmiş ərazilərimizin bərpasının sürətləndirilməsi, yeni infrastruktur layihələrinin reallaşdırılması ilə deyil, həm də ordumuzun şanlı qələbəsinin, ölkəmizin haqq səsinin bütün dünyada eşidilməsi istiqamətində atılan siyasi-diplomatik addımlarla da yadda qaldı. İnanırıq ki, 2022-ci il ölkəmiz və xalqımız üçün daha böyük uğurlarla əlamətdar olacaq.

Proqramın gedişində səhnəyə dəvət olunan Şaxta baba və Qar qızı meydana toplaşan uşaqlarla rəqs edib, onlara bayram hədiyyələri paylayıb.

Konsert proqramından sonra saat 00:00-da Heydər Əliyev Meydanında atəşfəşanlıq olub.

Heydər Əliyev Meydanına toplaşan rayon sakinləri və rayonumuzun qonaqları konsert proqramını və atəşfəşanlığı böyük çoşqu ilə izləyiblər.

 

 

 

Keçidlər