Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Ələsgərov Sənan Əkram oğlunun doğum günüdür

17 dekabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, hərbiçilər şəhid Ələsgərov Sənan Əkram oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyaraq  ruhuna dualar oxuyublar.

Sənan Əkram oğlu Ələsgərov 17 dekabr 1996-cı ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 2003–2014-cü illərdə N.Sadıqov adına Alakol kənd tam orta məktəbində təhsil alıb.

Sənan Ələsgərov 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Sənan Ələsgərov 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sənan Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib. Sənan Ələsgərov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Alakol kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Ələsgərov Sənan Əkram oğlu "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər