Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Kənd qadınlarının COVID-19-un təsirlərinə qarşı dayanıqlılığını gücləndirilməsi” mövzusunda tədbir təşkil olunub

11 oktyabr 2021 | 16:00

Tovuz şəhərində “Kənd qadınlarının COVID-19-un təsirlərinə qarşı dayanıqlılığını gücləndirilməsi” mövzusunda ilk konfrans keçirilib.

Tovuz Regional “ASAN Xidmət” Mərkəzində təşkil olunmuş tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının "Qadınların iqtisadi güclərinin artırılması" və USAID Özəl Sektorun İnkişafı layihəsinin Fəaliyyət Proqramının “Assosiasiyalarda Qadınlar” layihəsi komponenti çərçivəsində, bu layihələrdən faydalanan 50-dən çox iştirakçı və Kənd Qadınları Assosasiyası üzvləri iştirak ediblər.

Konfrans, COVİD-19 pandemiyasına qarşı mübarizədə xüsusən də kənd təsərrüfatı sistemlərinin gücləndirilməsində qadınların rolunu vurğulamaq, habelə dövlətin kənd yerlərində qadınların səlahiyyətləndirilməsi üçün verdiyi dəstək və beynəlxalq təşəbbüsləri öyrənmək üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirib.

Tədbir çərçivəsində kiçik məhsul yarmarkası təşkil olunmuş, kənd təsərrüfatı məhsulları ilə məşğul olan qadın sahibkarlar yarmarkada məhsullarını iştirakçılara və qonaqlara təqdim etmişlər.

Sonda, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı "Qadınların iqtisadi güclərinin artırılması" layihəsi çərçivəsində yaradılan Qazax, Ağstafa, Tovuz, Ağdam və Gədəbəydən olan 5 qadın qrupuna məlumat əldə etmək və bazara çıxışa dəstək olacaq avadanlıqlar (noutbuklar, printerlər və modemlər) təqdim olunmuşdur.

 

Keçidlər