Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Hüseynov Emin Fərmayıl oğlunun doğum günüdür

20 avqust 2021 | 16:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin, Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzinin və rayon Gənclər və İdman iradəsinin məsul əməkdaşları şəhid Hüseynov Emin Fərmayıl oğlunun doğum günündə məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoymuşlar.

Emin Hüseynov 1990-cı il avqustun 20-də Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. 1997-2008-ci illərdə A.Hüseynov adına Yanıqlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və ölümündən sonra dünyaya göz açan bir oğlu yadigar qalıb.

Emin Hüseynov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. O, Tovuz döyüşlərindən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb.

Emin Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Murovdağ döyüşləri zamanı yaralanmasına baxmayaraq yenidən döyüş meydanına qayıdıb. Qumbaraatan olan Emin Hüseynov Ermənistan Ordusunun canlı qüvvəsinin və texnikasının məhv edilməsində fərqlənib. O, noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, həmçinin döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiynə görə “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər