Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şair İsa Cavadoğlunun 90 illik yubileyi keçirilib

18 avqust 2021 | 16:00

Tovuz Rayon İcra Hakimiyyəti və Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən tanınmış şair, AYB-nin üzvü çoxsaylı kitablar müəllifi İsa Cavadoğlunun 90 illik yubiley tədbiri keçirilib. “Qala” kompleksində təşkil olunan yubileydə yaradıcı ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və şairin oxucuları iştirak ediblər.

Tədbirdə çıxış edən Tovuz Rayon İcra  Hakimiyyətininb başçısı Məmməd Məmmədov qeyd edib ki, İsa Cavadoğlunun 90 illik yubileyi çox əlamətdar bir vaxta düşdü. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu on illərlə erməni əsarəti altında qalan torpaqlarımızı işğaldan azad etdi. Bu gün hamımız fəxrlə deyirik ki, biz qalib ölkənin vətəndaşlarıyıq. Ancaq ömrün zirvələrinə doğru ucaldıqca içərisindəki vətən məhəbbətini də özü ilə böyüdən ixtiyar şairimizin sevgisi daha böyük olduğu kimi qələbə sevincinin də müqayisəyə gəlməz olduğunu düşünürəm. Həyatımıza, düşüncələrimizə yeniliklər gətirmiş tarixi Zəfərimizin ab-havası, nəsimi bugün də sevimli şairimizin yubileyinə mübarəkabadlıq verir. Bu  böyük  Zəfərə şahid olmaq, bu Zəfərin duyğuları ilə yaşamaq hər birimiz üçün çox qürurvericidir. Biz, İsa müəllimdən bu mövzuda yeni-yeni əsərlər gözləyirik.

Ədəbiyyatımızı  öz əsərləri ilə zənginləşdirən, Tovuz ədəbi məktəbinin yetirməsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü  İsa Cavadoğlu 70 ildən çox bir dövrdə yaradıcılıqla məşğul olaraq  müxtəlif  janrlarda qələmini sınamış və sözün həqiqi mənasında böyük uğurlara nail olmuşdur.

Doğma Azərbaycanımızın taleyi daim onu düşündürmüş, narahat etmişdir. Ötən əsrin 90-cı illərində o, Vətənin başını qara buludlar alanda, torpaqlarımızın bütövlüyü, ölkəmizin müstəqilliyi uğrunda xalq mübarizəyə qalxanda qələm dostlarını mübarizəyə səsləyən istiqlal şeirləri yazmaqla nümunə göstərirdi.

“Azərbaycan”,”Heydər baba” şeirləri çox qısa bir vaxtda Azərbaycan oxucusunun qəlbinə yol tapdı, dillər əzbəri olmaqla müəllifinə şöhrət qazandırdı. Uzaqgörən şair hələ o çətin anlarda 1993-cü ildə Azərbaycan xalqının nicatının, parlaq  gələcəyinin məhz Heydər Əliyev dühasında olduğunu cəsarətli bir şəkildə xalqa bəyan edir və bütün vətənsevərləri onun ətrafında sıx birləşməyə səsləyirdi. Zaman bu müdrik eloğlumuzun  haqlı olduğunu bir daha sübut etdi.

İsa müəllim gənc yazarlardan heç vaxt öz qayğısını əsirgəməmiş, 50 ilə yaxın bir dövrdə Tovuzda fəaliyyət göstərən Hüseyn Bozalqanlı adına “Varislər” ədəbi məclisinin rəhbəri kimi onlara öz gərəkli məsləhətlərini vermişdir. Bu məclisin üzvləri indi ölkəmizdə və onun hüdudlarından kənarda tanınan qələm adamlarıdır.

Məmməd Məmmədov qeyd etmişdir ki, İsa Cavadoğlunun 90 illik yubiley sevincinə şərik olmaqla onu təbrik edir və bundan sonra da bizimlə bir sırada addımlamağı  arzulayıram.

Sonra “Tovuz“ qəzetinin baş redaktoru Çingiz Qəribli şairin  həyat və yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib. O, şairin yaradıcılığından nümunələr gətirərək İsa Cavadoğlu poeziyasının Azərbaycan poeziyasında önəmli yer tutduğunu əyani misallarla nəzərə çatdırdı.

Tədbirdə çıxış edən AYB–nin  Qaxaz filialının sədri Barat Vüsal şairi təbrik edərək məlumat verib ki, İsa Cavadoğlu  yaradıcılığ Yazıçılar Birliyi tərəfindən daim izlənilir və yüksək qiymətləndirilir. Bu yaxınlarda birlik şairi 90 yaşı münasibətilə rəsmən təbrik etmiş və bu təbrik mətbuatda dərc olunmuşdur. İsa Cavadoğlu qələmi ilə ön sıralardadır.

İsa Cavadoğlu yaradıcılığının tədqiqatçısı və onun haqqında yazılmış “Tənha qocanın nağılı” kitabının müəllifi  Ramiz Çıraqlı  “Tovuz” qəzetinin əməkdaşları  adından yubiliyarı  təbrik edərək Çingiz Qəribli ilə birlikdə yazdığı “Bayraqdarlar” kitabının ilk nüsxəsini şairə təqdim edib. O, Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova belə bir yüksək səviyyəli tədbirin keçirilməsinə görə minnətdarlıq edərək bildirdi ki, bu, təkcə İsa Cavadoğlu poeziyasına verilən yüksək qiymət deyil, həm də bütün yaradıcı  insanlara olan qayğı və münasibətdir.

Daha sonra AYB-nin Qaxaz filialının məsul əməkdaşı Mustafa Rasimoğlu, Əyyublu “Vətən” xeyriyyə cəmiyyətinin üzvü Mübariz Hüseynağalı, İsa Cavadoğlu ilə bir məktəbdə işləmiş Abbas Abbasov, şairin yetirmələrindən Güllü İsgəndərova, Şair Maarif Həsənoğlu, Ağstafa regional mədəniyyət idarəsinin məsul işçisi Adil Həsənov çıxış edərək İsa Cavadoğlu yaradıcılığının məziyyətlərindən danışmış, ünvanına təbriklər söyləmişlər.

Tədbirdə aşıqlar İsa Cavadoğlunun sözlərini oxumuş,  bədii qiraətçilər yubilyarın yaradıcılığıından seçmə parçalar səsləndirmişlər.

Şair İsa Cavadoğlu belə bir yüksək səviyyəli tədbirin keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova, tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi, bu tədbiri Azərbaycan poeziyasına verilən qiymət kim dəyərləndirdi.

Tədbirin sonunda Məmməd Məmmədov yubilyarı Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etmiş, üzərində şairin böyük portreti həkk olunmuş xalçanı ona bağışlamışdır.

 

Keçidlər