Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 15 iyun Milli Qurtuluş Günü münasibətilə onlayn tədbir keçirilib

15 iyun 2021 | 06:33

15 iyun Milli Qurtuluş Günü münasibətilə rayonun hüquq mühafizə orqanlarının iştirakı ilə tədbir keçirilib. Rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr tədbirə onlayn qaydada qatılıb.

Tədbiri giriş sözü ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq tədbir iştirakçılarını xalqımızın və dövlətimizin tarixində müstəsna yeri olan “15 iyun - Milli Qurtuluş Günü” münasibətilə təbrik edib.

M.Məmmədov qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun təkcə dövlət bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz  Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil oldu. Müstəqilliyin ilk illərində Azərbaycanda yaranmış gərgin vəziyyət xalqı öz arxasınca aparmağa qadir Liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düçar olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü ildə Azərbaycanda hakimiyyət böhranı getdikcə daha kəskin xarakter alırdı. Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı. Ona görə də xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı.

Bundan sonra ölkəmizdə bərqərar olunmuş sabitlik, sosial-iqtisadi inkişaf dövlətimizin möhkəmləndirilməsində həlledici rol oynamışdır. 1993-cü ildə vətəndaş müharibəsinin astanasında olan Azərbaycan Respublikası Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi,qətiyyəti,yorulmaz fəaliyyəti nəticəsində sabit həyata qədəm qoydu və ölkədə normal dövlət  quruculuğuna başlandı.

15 iyun – Milli Qurtuluş Günü kimi Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı hər il 15 iyun gününü əziz bayram kimi qeyd edir.

Heydər Əliyevin siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq 28 ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır.

Ötən il 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın işğaldan azad olunması uğrunda Qurtuluş günündən başlayan mübarizə tariximizə qızıl hərflərlə yazılan Böyük Qələbə ilə başa çatdı. Zəfər tariximizin müəllifi, ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

İndi biz 15 iyun Milli Qurtuluş Gününü xüsusi bir tarixi şəraitdə qarşılayırıq. Biz Heydər Əliyev ideallarına sədaqət nümunəsi göstərərək qalib ölkənin vətəndaşları olmaqla fəxr edirik.

Tədbirdə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar müxtəlif istiqamətlərdə məruzə və çıxışlar dinlənilib.

YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov “Qurtuluşdan Zəfərə” mövzusunda məruzə ilə, Hacıalılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, partiya veteranı Sahib Quliyev “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu və memarıdır”, Aşağı Quşçu kənd tam orta məktəbinin tarix müəllimi, Əməkdar müəllim Ulduzə Alıyeva “Qurtuluş tariximiz milli qürur mənbəyimizdir”, YAP gənclər birliyinin üzvü Vüqar Əhmədov “Qurtuluşdan doğan vətənpərvər Azərbaycan gəncliyi” mövzularında çıxış etmişlər.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov yekunlaşdırmışdır.

Keçidlər